“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”in qonağı olacaq. Londonda baş tutacaq görüşə saat 23:00-da start veriləcək.
“Tottenhem” avrokuboklarda kifayət qədər təcrübəli komandadır. Londonlular buna qədər 2 dəfə UEFA Kubokunu, 1 dəfə isə Çempionlar Kubokunu qazanıb. Komandanın avrokuboklardakı sonuncu titulu 1983/84 mövsümündə qazanılan UEFA Kubokudur. Ümumiyyətlə, londonlular son dövrlərdə kuboka ac komandadır. “Tottenhem” sonuncu dəfə 2007/2008 mövsümündə titul qazanıb. Londonlular Liqa Kubokunun finalında “Çelsi”ni 2:1 məğlub etməklə kubokun sahibi olub.
“Tottenhem”in avrokuboklardakı sonuncu ən yaxşı nəticəsi isə 2022/23 mövsümündə Çempionlar Liqasında 1/8 finala yüksəlmək olub. London təmsilçisi bu raundda İtaliyanın “Milan” komandasına iki oyunun nəticəsinə görə (0:0, 0:1) uduzub. 2018/19 mövsümündə isə turnirdə final oynayan “Tottenhem” İngiltərənin digər təmsilçisi “Liverpul”a uduzub – 0:2.
İngiltərə klubu avrokuboklarda ümumilikdə 263 oyun keçirib. Komanda bu matçların 142-də qələbə qazanıb, 65-də uduzub. Qolların nisbəti isə 518:285-dir.
“Tottenhem” daha əvvəl də “Qarabağ”la Avropa Liqasında üz-üzə gəlib və hər iki oyunda qələbə qazanıb – 3:1, 1:0. 2015-ci ilə təsadüf edən görüşlərdə indiki heyətdən yalnız Son Hın Min iştirak edib. “Qarabağ”da isə Bədavi Hüseynov, Riçard Almeyda 9 il əvvəlki matçların iştirakçısı olub.
Kamil Əhməd