“Dinamo” klubu II Liqada 4 turdan sonra 6 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb. Komanda bu görüşlərdə 2 qələbə qazanıb, 2 heç-heçə edib.
Klubun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında gənc komanda olmalarına baxmayaraq, yaxşı nəticələr əldə etdiklərini bildirdi:
“Komandamız “Bakı” və İsgəndər Cavadov adına Futbol Akademiyasının gənclərindən formalaşıb. Heyətin yarıdan çoxunun 18-20 yaşı var. Bu uşaqların gələcəyi hələ qarşıdadır. İnanmaq istərdim ki, onlar Azərbaycan futbolunda sözlərini deyəcəklər. Sadəcə vaxt və zaman lazımdır. Futbolçular hər oyundan-oyuna inkişaf edirlər. Onların yetişməsində bizlərin, məşqçilərin zəhməti var. Heç kimin tanımadığı uşaqları Azərbaycan futboluna qazandıra bilmişiksə, deməli zəhmətimiz hədər olmayıb”.
II Liqa klublarında Azərbaycan yığmasının keçmiş futbolçuları top qovur. Cavid İmamverdiyev, Rahid Əmirquliyev, Nurlan Novruzov, Tural Qurbatov və s. kimi ölkə futbolunda tanın adlar çempionatda öz çıxışları ilə rəng qatır. Seyidov gənc heyətlə təcrübəli komandalara qarşı mübarizədən çəkinmədiklərini dilə gətirdi:
“Futbol təcrübəmə əsasən deyirəm, düzgün yoldayıqsa, yaxşı nəticələrimiz olacaq. Hamımız bir ailə kimi çalışırıq. Heyətimizdə “Bakı” məktəbindən keçmiş uşaqlar var. Çətinliklə bu gəncləri tapıb, üzə çıxarmışıq. Bunlar böyük zəhmət tələb edir, qarşılığını alacağımızı düşünürəm. Çalışırıq ki, işimizin öhdəsindən gələn”.