“Turan Tovuz”lu: “Liderliyin təzyiq yaratdığını düşünmürəm” (MÜSAHİBƏ)

“Turan Tovuz”un futbolçusu Eltun Turabovun “FutbolPress“ə müsahibəsi:

– 5 turda qazanılan 4 qələbədən sonra ardıcıl 2 oyundur, xal itirirsiniz… Nəticələri necə şərh edərdiniz?
– “Sabah” səfərindən bir xalla dönəndən sonra evdə qələbə qazanmaq istəyirdik, ancaq alınmadı. Düşünürəm ki, böyük xallar itirməmişik. Bunları aradan qaldırmağa çalışacağıq. Futboldur, hər iki komanda bir-birini təhlil edir və xal itkisi normaldır.

– Liderlik təzyiq yaratdı, ya necə?
– Bunun olduğunu düşünmürəm. Məqsədimiz hər oyunda yaxşı nəticə əldə etməkdir. Çempionat uzun marafondur, qələbələr də olacaq, itkilər də. Liderliyin hansısa təzyiq yaratdığını düşünmürəm. Qarşıdakı matçlarda əllərimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq.

– Növbəti turda çətin “Şamaxı” səfərinə yollanacaqsınız. Keçmiş baş məşqçiniz Ayxan Abbasov sizi yaxşı tanıyır. Bu amil qələbəyə çətinlik yarada bilər?
– “Şamaxı” son oyunlarda yaxşı çıxış edir. Onları izləyirik, yaxşı kollektivləri və məşqçiləri var. Səfərdə ağır oyun olacaq. Tam hazır olub, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

– Komandanın intizamlı oyununun sirri nədədir?
– Hər məşqçinin öz üslubu var. Çalışırıq ki, Berdıyevin tapşırıqlarını yerinə yetirək, nizamı qoruyaq. Bunlar olandan sonra yaxşı nəticıələr də gəlir. Daha yaxşısını etməyə çalışacağıq.

– Bu mövsüm 4 oyunda şans qazanmısınız. Performansından məmnunsamı və mövqeyində legionerlər var, rəqabətdə uduzduğunuzu düşünmürsünüz?
– Məşqlərdə bütün gücümü qoyuram. Çalışıram ki, şans veriləndə də bundan maksimum istifadə edib. Bir ailəyik, hamı komandaya fayda vermək istəyir. Bu gün oynayıb, sabah oynamaya bilərəm. Bu, baş məşqçinin qərarıdır. Bizə düşən ideal formada olub, komandaya kömək etməkdir.

– Millinin baş məşqçisi Fernandu Santuşun ötən toplanışa komandanızdan iki oyunçu çağırdı. Qarşıdan Millətlər Liqasının oyunları gəlir. Santuşun diqqətini çəkə biləcəksiniz?
– İlk beş turda lider idik və millinin baş məşqçisinin diqqətini çəkmişdik. Xəyal və Şəhriyarın çağırılması onu göstərdi ki, hər oyunçu yığmaya dəvət ala bilər. Yaxşı nəticələr qazanıb, baş məşqçinin diqqətini çəkmək və gələcəkdə milliyə düşmək istəyərik.

Şahin Cəfərov