Azərbaycanlı hücumçu Amil Yunanov Albaniya çempionatında debüt edib. “Bylis” klubuna keçən forvard “Vlajniya” ilə görüşdə iştirak edib. Start heyətdə meydana çıxan Yunanov 71-ci dəqiqədə əvəzlənib.
Amil “FutbolPress“ə açıqlamasında debütünü şərh etdi:
“İlk oyunum idi, 70 dəqiqə meydanda qaldım. Çoxdandır oynamırdım, buna baxmayaraq, ilk matç pis keçmədi. Təəssüf ki, məğlub olduq. Penalti imkanımızdan yararlana bilmədik. Bəlkə də, qol vursaydıq, fərqli nəticə olardı. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Yunanov Albaniya çempionatının onda xoş təəssürat yaratdığını bildirdi:
“İndi daha dolğun nəsə demək olmur. Zamanla yaxından tanıyacam. Buna baxmayaraq, ilk oyuna görə xoş təəssüratlarım var”.