Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradıldı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasının son günündə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasının son iclasında Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının yaradılması qərara alınıb.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən türkdilli ölkələrin şahmat sahəsində əməkdaşlığını və əlaqələrini gücləndirmək üçün xüsusi qurumun yaradılması təklif olunub.

Bununla bağlı çıxış edən AŞF-nin baş katibi İlahə Qədimova türkdilli ölkələrin birgə assosiasiyasının yaradılmasının vacibliyini vurğulayıb, təşkilatın əsas hədəfləri barədə məlumat verib. FIDE-nin Baş Assambleyasında səsverməyə çıxarılan təklif yekdilliklə qəbul edilib. Beləliklə, Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb. Qurumun ilk üzvləri Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstan olub.

İclasın sonunda FIDE prezidenti Arkadi Dvorkoviç Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlərin şahmat federasiyalarının rəhbərləriylə görüşüb. Yaxın günlərdə Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının əsasnaməsi təsdiqlənəcək. Təşkilata rəhbərlik iki il müddətinə seçiləcək və növbəlilik əsasında həyata keçiriləcək. Əsas məqsəd türkdilli ölkələr arasında şahmatda da əlaqələri genişləşdirmək və mütəmadi olaraq müxtəlif birgə layihələri reallaşdırmaqdı.

Qeyd edək ki, FIDE tərkibində Latın Amerikası ölkələri, ərəb dövlətləri, fransız dilli ölkələrin şahmat qurumları fəaliyyət göstərir.