“Neftçi” Azərbaycan Premyer Liqasında VII turdan sonra 4 xalla 9-cu sırada qərarlaşıb. Mövsümdə qələbəsi olmayan “ağ-qaralar” son oyunda da “Qarabağ”a 0:4 hesabıyla uduzub.
Azərbaycan yığmasının keçmiş baş məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında “Neftçi” haqda fikirlərini bölüşdü:
“Neftçi”nin problemi var, ancaq bilmirəm nədir. Nəticə bir kənara, meydanda oyun da yoxdur. Dahilər deyib ki, oyun varsa, nəticə də olacaq. İndi baxırsan, “Neftçi”nin nə oynadığı bilinmir. Heyət qurulub, komanda yığılıb amma bir üslub yoxdur. Bunun nə qədər davam edəcəyini bilmirəm. Gözləyək, görək sonu necə olur”.
Mütəxəssis baş məşqçi Roman Qriqorçukun gözləntiləri qarşılaya bilmədiyini söylədi:
“Qriqorçuku “Qarabağ”la mübarizə aparsın deyə gətiriblər, “Kəpəz”lə yox. Bu komanda iddialı olmalı idi, deyirdilər ki, elə komanda quracaqlar ki, birinci pillə mübarizəsi aparacaq. Amma 7 turda heç qələbə yoxdur. Qriqorçuk da, rəhbərlik də vəziyyəti başa düşür. Yəqin, növbəti oyunlarda nələrsə etməyə çalışarlar. Yeni transferlər də görünür ki, komanda uyğun deyil. İndi iş Qriqorçukdadır və o, bir sistem qurmalıdır”.
Mircavadov “Neftçi”nin daxilində də problemlər olduğunu bildirdi:
“Daxildə də narazılıq var. Qara Qarayev getdi, indi Emin Mahmudovdan kapitanlıq alınır. Görünür, komandanın içində də müəyyən şeylər var. Amma nə olduğunu, niyə olduğunu bilmirəm. Belə şeylər nəticəyə də təsir edir. “Neftçi” xalqın komandasıdır və vəziyyət tez zamanda düzəlməlidir ki, azarkeşlər də sevinsin”.
Şahin Cəfərov