Azərbaycan Premyer Liqasında VII tur başa çatıb. Sonuncu oyun günündə “Sabah” və “Zirə” səfər qələbəsi ilə xallarını artırıb.
“Turan Tovuz”un evdə “Araz-Naxçıvan”a məğlubiyyətindən sonra lider dəyişib. Son illərin çempionu “Qarabağ” yenidən zirvəni ələ alıb. Ehtiyatda daha bir oyunu olan “atlılar” hazırda ən yaxın izləyicisi “Sabah” və “Turan Tovuz”u bir xal qabaqlayır.
Son turların daha bir formada komandası “Sabah”dır. Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv son 5 oyunda 4 qələbə qazanıb. Yeganə heç-heçə isə ötən turda “Turan Tovuz”la oyunda qeydə alınıb – 2:2.
“Sabah”ın oyununda irəliləyiş nəzərə çarpır. “Səbail” səfərində demək olar, hər hücumu ciddi təhlükəyə çevrilən komandada Coy-Lens Mikels və Cesse Sekidika aktivlikləri ilə seçilir. Hücumda Pavol Şafranko tam istəniləni verməsə də, hərəkətliliyi ilə diqqət çəkir.
Bu mövsüm heç-heçəsi olmayan “Zirə”də ardıcıl ikinci qələbəni qazanıb və xalını 12-yə çatdırıb. “Üçlük”dən iki xal geri qalan “qartallar” son turların formada komandasıdır. Rəşad Sadıqov istədiyi sistemi aşılaya bilib və mexanizm işləyir. Oyunçular arasında anlaşma yüksək səviyyədədir.
Mövsümün uğursuzları – “Kəpəz”, “Neftçi”, “Səbail” və “Sumqayıt”ın isə enişi davam edir. Növbəti turda “Neftçi” “Sumqayıt”ı, “Zirə” “Kəpəz”i, “Araz-Naxçıvan” isə “Səbail”i qəbul edəcək.
Kamil Əhməd