“Sumqayıt” Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü məğlubiyyətini yaşadı. Samir Abasovun yetirmələri “Zirə” ilə ev matçında meydanı məyus tərk etdi – 0:2.
“Sumqayıt” bundan əvvəl “Şamaxı”ya, “Araz-Naxçıvan”a və “Sabah”a uduzub. Komanda ümumiyyətlə, bu mövsüm qeyri-stabil çıxış edir. Nəticələr bir yana, komanda oyun planı baxımından da ortaya iş qoya bilmir. “Zirə” ilə matçda cəmi bir təhlükəli epizod yaradan “kimyaçılar” bunu da dəyərləndirə bilmədi. Aydın Bayramov qapısında inamlı çıxış etdi.
“Sumqayıt” 7 turdan sonra 6 xalla 7-ci sıradadır. Komanda ötən mövsüm də uğursuz başlamış, ardınca toparlanaraq, yaxşı nəticələr qazanmışdı. Dünən oyundan sonra Samir Abasov komanda daxilində ciddi qərarlar verməyin vaxtı olduğunu bildirdi.
Mütəxəssis ad çəkməsə də, kimləri nəzərdə tutduğu demək olar, aydındır. Xüsusilə, cinahda Rövlan Muradovun performansında ciddi eniş var. Əvvəlki illərdə hücuma qoşulmaları, zərbələri, cinahdan asmaları ilə adından yaxşı mənada söz etdirən Rövlan indi rəqibin cərimə meydançasına yaxınlaşmaqda çətinlik çəkir. Yarımmüdafiəçi Rəhim Sadıxov da gözləntiləri qarşılamır. Yeni transferlərin də uyğunlaşmaq üçün hələ oyunlara ehtiyacı var. Ümumilikdə komandada istəksizlik hiss olunur. Nə müdafiədə ciddi müqavimət var, nə hücumda ciddi səylər. Abasovun komandadaxili ciddi işlər görmək lazımdır deməsi də bunlarla bağlıdır. Böyük ehtimalla, qarşıdakı turda əsas heyət oyunçularından bəziləri kənarda qalacaq. Hər bir halda, komandada ciddi intizamsızlıq var və bunun qarşısını alınmalıdır.
“Sumqayıt” ağır perioddan keçir. Artıq azarkeş narazılıqları da artır. Daha əvvəl məğlubiyyətlərdə belə komandanı dəstəkləyən fanatlar indi qəzəbli ifadələrə yer verir, komandadan yaxşı nəticə tələb edir. Gedişat yaxşı görünmür. Növbəti sınaq “Sumqayıt” kimi uğursuz mövsüm keçirən “Neftçi”yə qarşı səfərdə olacaq. Görüşün nəticəsi maraqla gözlənilir. “Neftçi” bu mövsüm qələbə qazanmayıb, “Sumqayıt” da 4 turdur, 3 xala həsrət qalıb. Uğursuz seriyaya kimin son qoyacağına sentyabrın 28-də aydınlıq gələcək.