Azərbaycan Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyunundan (2:4) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
– Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heçnədən penalti verildi. “Sabah”ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Çoxlu qol epizodları yarada bildik, komandadan narazılığım yoxdur. İrəliyə baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq”.
– Birinci dövrə sona yaxınlaşır. Autsayderlərin sırası da müəyyənləşir: “Kəpəz”, “Neftçi”, “Səbail”. Hansısa radikal müdaxiləyə ehtiyac var….
– Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Hələ qarşıda müddət var. Autsayderlər tam formalaşmayıb. Heyətdə yeni oyunçular var, uyğunlaşmaq üçün zaman keçməlidir. Oyunlarımızda irəliləyiş görünür, düzgün yoldayıq və nəticələr gələcək. Tələsməyə ehtiyac yoxdur. Təcrübə baxımından çətinliyimiz var.
– Demək istəyirsiz ki, “Kəpəz” və “Neftçi”də oyun da yoxdur..
– Mən öz komandamdan danışıram. Heç bir komanda haqda danışmaq istəmirəm .Oyunumuz var və nəticə də gələcək.
– Beşinci qoldan sonra azarkeşlər də bayrağı yerə qoyub getdilər. Deyəsən, fanatların da komandaya inamı itib…
– Deməzdim. Azarkeşlər nəticə və qollarla yaşayır. Hesaba görə, bunu etmək normaldır. Onlar hətta 2:4-olanda da bizdən geridönüş gözləyirdilər. Bu azarkeşlərin ixtiyarına buraxılan şeydir. Qələbədən uzaq olduğumuzu görüb getdilər. O qədər bərbad vəziyyət deyilik.
Şahin Cəfərov