Baxşıyev: “Daha yaxşı potensialımız var”

Azərbaycan Premyer Liqasının VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Maraqlı oyun alındı. Hər iki komanda öz oyun üslubunu göstərməyə çalışırdı. Komandamı təbrik edirəm. Amma yenə də inkişaf edə bilərik. Daha yaxşı potensialımız var. Özünəinam artdıqca daha yaxşı oynayacağıq.

– Tovuzda oynamaq həmişə çətin olur. Komandanı oyuna necə kökləmişdiz?

– Tovuzda oynamaq hər futbolçuya zövq verir. Futbolçularım peşəkardırlar və təzyiqi hiss etmədilər. 

– “Turan Tovuz”a ilk məğlubiyyəti siz yaşatdınız. Bununla bağlı nə deyə bilərsiniz?

– O düşüncəylə yanaşmırdıq ki, gedib ilkə imza ataq. Hər komandaya qarşı hazırlaşmaq lazımdır. Bu gün yaxşı oyun nümayiş etdirdik. Kurban Berdıyev dəyərli məşqçidir. Mübarizə bizim aramızda getmir, “Turan Tovuz”la “Araz-Naxçıvan”ın arasında gedirdi. Heç bir prinsipiallıq yox idi.

– “Araz-Naxçıvan” kimin üçün oynayır?

– Mən futbolçulara və rəhbərliyə görə işləyirəm. Biz də yerli tribunanın qarşısında oynamaq istəyirik. Ümid edirəm ki, rəhbərlik bizi Naxçıvana qaytarar.

– Sizcə, Ramon Maçadonun Roderik Millerə qarşı kobud oynadığı epizodda qırmızı vərəqə var idi?

– Epizodu görməmişəm. Nəsə desəm, fərqli anlaşılacaq. Baxdıqdan sonra deyə bilərəm.

Şahin Cəfərov