Dünən Zlin şəhərində futzal üzrə Çexiya yığması ilə yoldaşlıq oyunu keçirən və məğlub olan millimizin üzvü Ülvi Əliyev təşkilatçılar tərəfindən ən yaxşı futzalçı seçilib.
Futbolpress.az xəbər verir ki, mübarizliyi ilə yadda qalan hücumçu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə həm matçı dəyərləndirib, həm də mükafatlandırılmasına münasibət bildirib:
“Ümumi götürsək komandamız yaxşı oynadı, mübarizə apardı. Hər kəs üzərinə düşən, verilən tapşırığı yaxşı icra etmək üçün heç nədən çəkinmədən döyüşdü. Milli komanda yenidən qurulur, heyətimizdə debüt edən bir neçə futzalçımız var. Rəqib isə əksinə, təcrübəli oyunçulardan qurulub. Üstəlik onların milli çempionatı xeyli vaxtdır başlayıb, 3-4 tur oynanılıb. İspaniya liqasında, eləcə də başqa çempionatlarda çıxış edən futzalçıları var. Biz isə yay tətilindən yeni qayıtmışıq. İstər fiziki, istərsə də oyun təcrübəsi baxımından arzulanan səviyyədə deyilik. Bu cür oyunları çox keçirməliyik. Yaxşı kollektivimiz var. Bir-birimizə inanırıq. Səhvlərimizi də tədricən düzəldəcəyik. Bunun üçün çox çalışmalıyıq.
Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim. Yaxşı mənada sürpriz oldu. Əlbəttə, məqsədim komandama kömək etmək, güvənib meydana buraxan baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. Meydandan qalib ayrılsaydıq, daha çox sevinərdim. Məncə, bugünkü oyun gələcək üçün müəyyən ümid verdi. Müəyyən səbəblərdən komandadan kənarda qalan futzalçılarımız da var. Onlar gələcəkdə bizə qoşulanda fərqli milli izləyəcəksiz”.