Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. Son çempion “Qarabağ” azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək.
“Qarabağ” çempionatda 6 turdan sonra 12 xalla ikinci sıradadır. Ehtiyatda bir matçı olan “atlılar” lider “Turan Tovuz”dan iki xal geri qalır. “Neftçi” isə qələbəsi olmayan iki komandadan biridir. “Ağ-qaralar” 6 turda 4 heç-heçə edib, 2 dəfə uduzub. Aktivində 4 xal olan paytaxt təmsilçisi 9-cu pilləni tutur. Komandalar arasındakı son beş oyunu “Qarabağ” qazanıb. Top fərqi isə 19-2-dir.
Görüşün favoriti aşkar “Qarabağ”dır. Komanda hazırda yaxşı formadadır və uğursuz mövsüm keçirən “ağ-qaralar” qarşısında çətinlik çəkməyəcəyi ehtimal edilir. “Neftçi”də isə mütləq qələbəyə ehtiyac var. Çempionatda hələ üç xal əldə edə bilməyən flaqmana narazılıqlar çoxdur. Bir neçə gün əvvəl klubun idman direktoru Yens Andersson da vəzifəsindən ayrılıb və qarşıda növbəti vidaların gerçəkləşəcəyi də gözlənilir. Hər bir halda, “Qarabağ”la oyundan sonra “Neftçi”də bir çox məsələlərə aydınlıq gələcək.
Mövsümün əvvəlində baş məşqçi postuna Roman Qriqorçukun gətirilməsindən sonra “ağ-qaralar”ın çempionluğa oynayacağı, zirvə yarışında “Qarabağ”ın əsas rəqibi olacağı gözlənilirdi. Lakin proqnozlar alt-üst oldu, “Neftçi” nəinki zirvəyə, heç orta sıralara oynaya bilmir. Komandada oyun intizamı yoxdur, kəsərli hücumlar qurmaq müşkülə çevrilir, müdafiədə isə kifayət qədər boşluqlara yol verilir. Qriqorçuk təcrübəli məşqçidir və “Qarabağ”ın gücünə bələddir. Bu gün Suraxanı səfərindən bir xalla qayıtmaq “ağ-qaralar” üçün yaxşı nəticə hesab edilə bilər.
“Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:00-da start veriləcək.
Kamil Əhməd