Derbiyə doğru: “Qarabağ” aşkar favoritdir

“Qarabağ” Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi”ni qəbul edəcək. Sentyabrın 20-də “Azersun Arena”da keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

“Qarabağ” bu mövsüm çempionatda 5 oyundan sonra 12 xalla 2-ci sıradadır. Ehtiyatda bir oyunu olan “atlılar” 5 matçda 4 qələbə qazanıb, 1 dəfə uduzub. Yeganə məğlubiyyət “Turan Tovuz”la ev görüşündə olub – 0:1.

“Neftçi” isə 6 oyundan sonra 4 xalla 9-cu sırada qərarlaşıb. Uğursuz mövsüm keçirən “ağ-qaralar” hələ qələbə qazana bilməyib. 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalan “Neftçi”nin “Qarabağ” qarşısında şansları az görünür.

Komandalar arasında baş tutan son 5 oyunun hər birini “Qarabağ” qazanıb. Qolların nisbəti 19-2-dir. Premyer Liqada ötən mövsümün sonuncu dövrəsində baş tutan görüşdə “Qarabağ” 5:0 hesablı qələbəyə sevinib.

Növbəti derbi məğlubiyyəti “ağ-qaralar”da baş məşqçi Roman Qriqorçukun gedişi ilə səbəblənə bilər. Komandanın məzmunsuz oyunu, qeyri-qənaətbəxş nəticələr narazılıqları artırıb. Derbidəki məğlubiyyət isə səbr kasasını daşıra bilər.

Kamil Əhməd