Bu mövsüm yenidən Premyer Liqada mübarizəyə başlayan “Şamaxı” yaxşı nəticələrlə diqqət çəkir.
Ayxan Abbasovun rəhbərlik etdiyi kllektiv 5 oyundan sonra 8 xalla turnir cədvəlində 6-cı sıradadır. Komandanın ehtiyatda “Qarabağ”la bir oyunu var.
Abbasov bu yay işə başladığı bölgə klubunda qısa zamanda yaxşı, mübariz komanda qurmağı bacarıb. Müdafiədə diqqətli olan, əks-hücumlarda isə çevik davranan şamaxılılar son turda “Sumqayıt”ı azarkeşləri önündə əliboş yola salmağı bacardı. 1:0 hesablı qələbədə daha bir neçə qol imkanı yarada bilən “Şamaxı”da indiki məqamda önə çıxan problem irəlidə bitiriciliyin aşağı olmasıdır.
Hücumun cinahında Leroy Mikels aktivliyi ilə seçilən adlardandır. Yayda heyətə cəlb edilən legioner Abbasovun əsas qol ümidlərindədir. Hücumun mərkəzində Belajdi Pusi də kifayət qədər çalışqandır və rəqib müdafiəsini təzyiqdə saxlamağı bacarır. Heyətə yeni qoşulan daha bir legioner – qapıçı Rikardo Fernandes də indiki məqamda uğurlu transfer hesab edilə bilər. 5 oyuna 3 qol buraxan qolkiper bir neçə kritik seyvləri ilə də komandasının xal qazanmasında əsas pay sahiblərindəndir.
“Şamaxı”nın qısa müddətdə qurulan heyəti Premyer Liqada mübarizliyi ilə seçilir. Komandanın növbəti rəqibi “Kəpəz” olacaq. Çempionatda ağır dönəm keçirən gəncəlilər buna qədər hələ xal qazana bilməyib. Görüş sentyabrın 20-də Tovuz şəhər stadionunda olacaq.
Kamil Əhməd