“Sabah”ın qeyri-stabilliyi

“Sabah” Azərbaycan Premyer Liqasında 6 turdan sonra 11 xalla 3-cü sırada qərarlaşıb.

Çempionatda mövsümə uğursuz start verən “futuristlər” son 4 turda qazandığı xallarla “üçlüy”ə düşə bilib. Nəticələr qənaətbəxşdir, amma sərgilənən oyun bunun uzunmüddətli olacağına ümid vermir.

Niyə?

Krunoslav Renduliçin rəhbərlik etdiyi “Sabah” qeyri-stabil futbolla diqqət çəkir. Komanda matçlarda tətbiq etdiyi qısamüddətli pressinq sayəsində epizodlar yaradır, qol vurmağı bacarır. Xüsusilə, son turun “Turan Tovuz”la matçında bu məsələ daha qabarıq önə çıxdı. Hər iki hissənin əvvəlində edilən təzyiq sayəsində qol vuran “futuristlər” daha sonra geri çəkilib, rəqibi arxada qəbul etməli oldu. Renduliçin bunun onun tapşırığı olmadığını desə də, futbolçularla müəyyən mənada özünəinamsızlıq hiss edilir.

Komandada hücum xəttində Pavol Şafranko, Coy-Lens Mikels və Cesse Sekidikanın aktivliyi sözünü deyir. Son oyunlara baxsaq, demək olar, hər qol sözügedən oyunçuların fəallığı sayəsində vurulub. Şafrankı hücumun mərkəzində qol yollarında bitirici ad olmasa da, irəlidə top saxlamağı ilə komandasına yardımçı olur. Sekidika və Mikels isə cinahlarda “başağrısı”na çevrilib. İstənilən rəqibə təhlükə yarada biləcək bu oyunçulardan biri növbəti turlarda ya zədə, ya cəza səbəbindən oynamasa, komandada aşkar axsaqlıq olacaq.

Əslində, “Sabah” bunun ağrısını ötən mövsümün ikinci yarısında çəkib. Mikels və Kaşukun gedişindən sonra hücumda ciddi problemlər yaşayan “futuristlər” hələ bir neçə tur qələbəyə də həsrət qalmışdı. Hər bir halda, Renduliç bunları nəzərində saxlayıb, müəyyən alternativlər düşünməlidir.

Komandada ciddi problemlərdən biri də müdafiə ilə bağlıdır. Hər oyun fərdi, mövqe səhvləri görülür, komanda qol buraxır. Maraqlıdır ki, “Sabah” çempionatda 6 turdan sonra ən çox qol buraxan üç komandadan biridir.

“Sabah” heyətinə görə avrokuboklar zonasına əsas namizədlərdəndir. Lakin qeyri-stabillik və müdafiədəki problemlər gələcək komanda üçün uğursuz nəticələrə səbəb ola bilər.

Kamil Əhməd