Bilik günündə “2”…

Bilik günündə məktəblilərlə meydana çıxan “Neftçi” “2” aldı. Qriqorçuk müəllim tələbələrinin acizliyinə görə üzr istədi.

Bəs bu gedişatla gələcəkdə necə olacaq sualına, “bizim başqa futbol oynamaq şansımız” da var deyib.

Müəllim millilərin oyunlarına görə liqada yaranmış fasilənin onlara yaxşı təsir edəcəyini bildirmişdi, lakin əksini gördük.

Yəqin ki, Qriqorçuk yoldaşı bura gətirməkçün çəkilən əziyyət, böyük xərc autsayderlər mövqeyində möhkəmlənmək üçün edilməmişdi.

Azərbaycanlı futbolçulara sanki patoloji nifrəti olan ukraynalı yoldaş növbəti tur da üzr istəməli olsa, belə qənaət yaranacaq ki, “Neftçi” onu bura məhz üzr istətmək üçün gətirib.

Zarafat bir yana, bu gedişata çarə tapmaq nə müşkül oldu!

“Turan Tovuz” daha aşağı imkanlarla necə yaxşı oynamağı bacarır? Yeni baş məşqçi, heyətdə dəyişiklər və s. orda da olmuşdu, ancaq nə baş məşqçisi vaxt istəmişdi, nə də indi üzr istəyir.

Mümkünsə, Qriqorçuk müəllimin çarəsizliyinə çarə tapılsın, əlac qılınsın. Yoxsa “Neftçi” üzristəmə epidemiyasına yoluxa bilər.

Kamil Əhməd