“Bu situasiyadan çıxış yolu aqressiya, dava deyil” – Samir Abasov

Azərbaycan Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibi təbrik edirəm. Ayxan Abbasov yaxşı komanda qurub. Tez qol buraxdıq və əlimizdə düşən imkanlardan yararlana bilmədik. Oyun başlayan kimi şok yaşadıq. İkinci hissənin sonlarına yaxın rəqib qapandı və qol vurmaq çətinləşdi. Ötən mövsümdən belədir, qapanan rəqiblərə qol vura bilmirik. Qarşıdakı oyunlara baxacağıq. Çempionatın əvvəlidir, oyunçular hazır deyil. Bu, bəhanə deyil. Ümid edirəm, daha yaxşı komanda görəcəyik.

– Yaxşı olmağa ümid var?

– Uşaqlar tam formaya düşəndən sonra yaxşı olacaq. Düzdür, fəsadlar olacaq, anlayırıq. Ancaq balanslı komanda deyilik, fiziki baxımdan normal deyilik. Nə qədər burda olsalar da, oyunlar onlar üçün önəmlidir. Çətinlik olacağını bilirdik. Ötən mövsüm də belə problemlərlə başlamışdıq. İnanıram ki, yaxşı olacaq.

– Azarkeşlər komandadan narazıdır. Oyundan sonra etirazlarını bildirdilər. Amma mühafizə xidməti onların ünvanı ağır təhqirlər bildirdi…

– Görməmişəm. Elə perioddur ki, səbirli olmalıyıq. Hamı yaxşı nəticə istəyir. Belə şeylərə ehtiyac yoxdur. Bu situasiyadan çıxış yolu aqressiya, dava deyil. Komandanın nəticələrini bilirəm və sakit qalıb, səbirli olmalıyıq. Daha da vəziyyəti pisləşdirə bilərik. Hər şey dava, təhqirlə düzəlsəydi, bəlkə, çoxdan düzəltmişdik…

– Futbolçularınız hava toplarından çox istifadə etdi. Bu, sizin tapşırığınız idi?

– Üç hücumçu meydana buraxdıq. Bunun səbəbi var idi. Cərimə meydançasının ətrafında baş çıxara biləcək futbolçu yox idi, ona görə hava toplarına üstünlük verdik. Fikrimiz rəqibin səhvindən fərqlənməyə ümid etdik. Cərimə meydançasının yanında qol epizodu yarada bilmirdik.

Şahin Cəfərov