AFFA İcraiyyə Komitəsinin növbəti iclası dünən keçirildi. Yeni AFFA rəhbərliyi dönəmində (13 may 2024, 12 iyul 2024) bu, üçüncü iclasdır.
İndi isə dünənki iclasda verilən qərarlara diqqət edək:
1. Lisenziya qaydalarında dəyişiklik edilib.
– Bu punkt açıqlanmayıb. Qaydalardakı dəyişikliklərin nədən ibarət olduğu bildirilməyib. Ümumiyyətlə, keçmiş rəhbərlikdən miras qalan bu “üslub” davam etməkdədir. Dəyişiklərin yaxın günlərdə açıqlanacağı əvvəlki iclaslarda da bildirilib, lakin bu tip vədlərə əməl edildiyini deyə bilmərik.
2. Aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqaviləsi uzadılıb.
– Əvvəla bu adlardan bir qismi keçmiş rəhbərliyin “kadrıdır”. Uğursuzların kadrlarından imtina ediləcəyi barədə gözləntilərin də yanıldığını deyə bilərik. Bundan başqa, bu mütəxəssislərin postunda uğursuz olduğu nəticələrdə özünü büruzə verib. Dəyişiklərə gedilmirsə, deməli, AFFA-nın yeni rəhbərliyinin həm heç nəyə hazır olmadığını düşünməyə əsas verir, həm də yarım ilə yaxın müddətdə heç bir ciddi kadr islahatı aparmaq üçün “kadr balansı” toplaya bilmədiklərini…
3. Məmməd Həsənov İntizam Komitəsinə yeni üzv seçilib. O, intizam üzrə müfəttiş təyin olunub. Namiq Əliyev isə bundan sonra komitədə üzv kimi fəaliyyətini davam etdirəcək. Ramil Cahangirov öz istəyi ilə İntizam Komitəsi üzvlüyündən ayrılıb.
– Belə qərarların İntizam Komitəsi kimi mühüm əhəmiyyətli qərarverici orqandan çıxması mənasızdır. Makulatura effekti… Departament səviyyəsində həll oluna biləcək məsələlərin statistika xətrinə İK-yə salınması təəssüf doğurur.
4. İnkişaf Strategiyası ilə bağlı məlumat verilib. İK üzvlərinin təklifi dinlənilib.
– Lisenziyalaşdırma qrupuna həvalə edilən adıçəkilən strategiya AFFA rəhbərliyinin öyünə biləcəyi yeganə, ilk ciddi addımı ola bilər, o da beləcə gecikir. Üstəlik, strategiya ilə bağlı hansı məlumatın verildiyi bildirilməyib, İK üzvlərinin təklifləri də. Absurddur bu gedişat. AFFA İctimai birlik formatlı təşkilatdır. İK isə ictimai əsaslı fəaliyyət. Bu qədər ictimai motivin içində ictimai olan heç nə yoxdur. Hamısı qapalı. Heç İctimai TV-də də əvvəlkitək müzakirələr, mübahisələr izləmirik. Heç olmasa, strategiya kimi mühüm əhəmiyyətli məsələni İK üzvlərindən kimlərsə, elə lap İTV-nin rəhbəri, AFFA-nın vitse-prezidenti Balaş bəy – danışsınlar. İctimaiyyət, media müzakirə etməkçün mövzu tapmır, çünki siz qapanmısınız. Necə yanlış edirsiniz…
Elçin Cəlilov