Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. Açılış oyununda “Araz-Naxçıvan” “Kəpəz”lə üz-üzə gələcək.
“Liv Bona Dea Arena”da keçiriləcək matç komandaların 5-ci dueli olacaq. Buna qədər 4 oyunun 3-də “Kəpəz”, 1-də isə “Araz-Naxçıvan” qələbə qazanıb. Gəncə təmsilçisi 4 oyunda 7, naxçıvanlılar isə 4 qol vurub.
Şəxsi üstünlük “Kəpəz”dədir. Lakin bu mövsüm komandaların performanslarına nəzərən “Araz-Naxçıvan” bir addım öndədir. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv çempionatda 4 oyunda 7 xal toplayıb və son üç oyunda məğlub olmayıb. “Araz-Naxçıvan”la maraqlı faktlardan biridə odur ki, komanda bu mövsüm hər oyun qol vurmağı bacarıb.
“Kəpəz”in statistikası isə əksdir. Gəncə təmsilçisi çempionatda 5 oyunda xal qazana bilməyib. Bütün görüşləri uduzan “sarı-göylər” cəmi 2 qol vurub, əvəzində qapısında 15 qol görüb.
“Kəpəz”də baş məşqçi dəyişikliyi yaşanıb və komandanı Azər Bağırov çalışdırır. Bağırovun son klubu elə “Araz-Naxçıvan” olub. Ötən mövsüm bu klubdan ayrılan mütəxəssis aylar sonra özünə “Kəpəz”də iş tapıb. Bu baxımdan onun indi “Araz-Naxçıvan”a qarşı taktikası maraqla gözlənilir.
Komandalarda dəyişiklik tək baş məşqçi də deyil. Belə ki, ötən mövsümü “Araz-Naxçıvan”da keçirən Turan Manafov, Orxan Əliyev indi “Kəpəz”in uğurları üçün çalışır.
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 19:30-da başlayacaq.
Kamil Əhməd