Rövşən Nəcəfin AFFA prezidenti seçilməsindən 5 ay 10 gün keçir, lakin bu müddətdə heç bir pozitiv addım atılmayıb. Futbol ictimaiyyətinin rəğbətini qazanacaq, assosiasiyaya qarşı tənqidləri, inamsızlığı səngidəcək qərarlar verə bilməməyin bir səbəbi var: İŞBİLMƏZLİK!
Xatirinizdədirmi, o, “Neftçi” rəhbərliyində olduğu vaxt klub tarixinin ən böyük büdcəsi ilə ən uğursuz nəticənin səbəbkarı oldu. “Ağ-qaralar” avrokuboka düşə bilmədi, vəziyyət o qədər xaotikdir ki, cari mövsümdə də toparlana bilmir – 9-cu yer…
“Neftçi”dəki uğursuzluğuna görəmi, yoxsa hansı utopik səbəbdən – aprelin 2-də AFFA prezidenti seçkilərinə yeganə namizəd məhz o oldu. Futbolda olduğu qısa müddətdə idarəçi kimi dibə vuran şəxsin yeganə namizəd olması təəccüblü gələ bilər, eyni zamanda gəlməyə də…
Rövnəq Abdullayevin epoxasının bitdiyi bilinəndə onun SOCAR-da da, AFFA-da da müavinlərindən olan Elşad Nəsirov hərəkətə keçmişdi. Keçmiş şərqşünas Abdullayevdən fərqli, futbol industriyasını tərk etmək istəmirdi. Onsuz da uzun illər ad Abdullayevin olsa da, mahiyyət Nəsirovun idi və o, hazırda FIFA-da “sürgündə olan” Elxan Məmmədovun vasitəsiylə ölkə futbolunu caynaqlarında cəmləmişdi…
Məmmədov assosiasiyanın keçmiş baş katibi və – son illər qondarılmış vəzifə – icraçı vitse-prezidenti kimi müstəsna səlahiyyətlərə sahib idi və bundan öz “bacarıqları” hesabına gen-bol istifadə edirdi. Qısa ifadə etsək, Abdullayev neytralda saxlanmışdı və Azərbaycan futbolunu Nəsirov klanı imperiya şəklində idarə edirdi. Deyəsən, hələ də…
Mətbuatın, ictimaiyyətin aramsız təzyiqləri nəticəsində, nəhayət, ölkə futbolunda dəyişikliyə gedilməsi qərara alındı. Abdullayev əvvəldən seçkiyə qatılmayacağını bildirmişdi. Məmmədov manevr edilərək ölkədən çıxarılmış, FIFA-ya sığınmışdı.
AFFA rəhbərliyinə KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), uğurlu Minifutbol Federasiyasının prezidenti və “Zirə” MŞ-nın rəhbəri Orxan Məmmədov, gənclər və idman nazirliyi öz təklifləriylə iddialı idilər. Məhz seçkiyə az qalmış, fevralda de-fakto bilindi ki, hamı iddiasını geri çəkib və Nəcəf yeganə namizəddir. Heç şübhəsiz ki, bu işdə də bir labirintal əməl, “qara əl” ciddi rol oynamışdı. Həmin “əl” Nəsirovdur. Futbolla bağlı “qələmi qırılsa” da, necəsə qalmağı bacardı və yeni eşalonda İcraiyyə Komitəsinin üzvü, eyni zamanda AFFA-nın vitse-prezidenti kimi təmsil olunur. Guya sakit, neytrallaşdırılmış vəziyyətdədir, lakin futbolumuza “xərçəng metastazı” kimi yayılmış əlaltıları vasitəsilə passiv fəaliyyətdədir. Nəsirovun hikkəli tipaj olduğunu bizə illər göstərib və o əlamətlərin Nəcəfdə təcəlla etməsi təsadüfi olmaya bilər…
***
Heç bir uğuru olmayan, əksinə, fiasko müəllifi olan birinin prezidentliyə namizədliyi o qədər də əks-səda doğurmamışdı. Güman ki, media və futbol ictimaiyyəti prezidentliyə yeganə namizəd kimi, AFFA-nın mühüm qərarverici orqanı olan İcraiyyə Komitəsinin 13 yerinə də 13 namizədin adının ictimaiyyətə sızdırılmasından sonra sakit dayanmışdı. Çünki o adların arasında Qurban Qurbanov, idman verilişlərində AFFA-nın sərt tənqid edildiyi, futbolumuzun inkişafı üçün radikal addımların atılmasının mümkünlüyü barədə car çəkildiyi İctimai kanalın (İTV) rəhbəri Balakişi Qasımov kimi adlar vardı.
Düşünülürdü ki, yeni kabinet sırf iş görmək üçün formalaşdırılıb. Ancaq nə Balakişi bəyi bu beş ayda gördüm deyən var, nə İTV-də həmin tənqidlərə rast gəlirik, nə Qurbanovdan gözlənilən effekt alınır. Digərlərini heç qeyd etməyə dəymir…
AFFA hazırda belə bir vəziyyətdədir. Məhsuldarlıqdan uzaq ətalət davam edir. Bu azmış kimi, uğursuz Rövşən bəy özünün yararsız mövqeyindən çəkilmir, hikkəsi yerə-göyə sığmır, bununla belə, heç bir işi irəli apara da bilmir.
“Neftçi”dəki tərzi, üslubu eynən AFFA-da da tətbiq etməkdə israr edir və bunu anlamaq çətindir.
Ölkə futbolu belə bir zavallı durumda sükunət içində çabalayır. Milli komandaların biabırçı nəticələrində isə “günah keçisi” qismində baş məşqçilər seçilir və bunun üzərində təbliğat qurulur…
Bu dəsti-xətt stajlı futbol azarkeşlərinə tanış gələr. Onlar müstəqil KİV-dən illərlə oxuyublar, bu cür siyasət Nəsirov klanına aiddir.
Bəli, yuxarıda qeyd edildiyi kimi, Nəcəf elə Nəsirovun əliylə buralara dürtülüb, yaxud AFFA prezidenti olandan sonra “verbovka” olunub. Nəcəfin kadr islahatı adı altında atdığı addım(lar)dan biabırçılıq yağır, lakin ona nə vitse-prezident Balakişi bəyin gücü çatır, nə də vaxtilə Elxan Məmmədovun icra etdiyi icraçı vitse-prezident postundaki Sərxan Hacıyevin.
Əlbəttə, həm AFFA-da, həm SOCAR-da ən qədim ad olan Nəsirov Nəcəfi öz təcrübəsi, nüfuzu və xarizmasında “boğub” . Əfsus, futbolumuz hələ də xilas olmayıb.
Elçin Cəlilov