AFFA-nın diqqətinə: millinin gələcəyi xilas edilməlidir

Azərbaycan milli komandasının gələcəyi olan U-21 millimiz doğma meydanda Serbiyadan olan həmyaşıdlarına uduzdu – 0:2.

Avropa çempionatının seçmə mərhələsi komandamız üçün çox pis nəticələrlə davam edir. Cari tsiklin statistikasına diqqət edək:

Serbiya – Azərbaycan 2:0
Azərbaycan – Şimali İrlandiya 0:1
Azərbaycan – Lüksemburq 3:2
Ukrayna – Azərbaycan 1:0
Azərbaycan – İngiltərə 1:5
Azərbaycan – Ukrayna 0:3
Lüksemburq – Azərbaycan 2:0
Azərbaycan – Serbiya 0:2

8 oyun, 3 xal – 1 qələbə, 7 məğlubiyyət və qrupda sonuncu yer.

U-21 millisinin baş məşqçisi Samir Əliyev Serbiya ilə oyundan sonra mətbuata açıqlamasında belə bir cümlə işlədib: “…uşaqlar oynaya bildiklərini göstərdilər”.

Güman ki, Əliyevin bu şablon ifadəsi candərdi işlənib. Futbol oynaya bilən komanda qrupda sonuncu yerdə niyə olsun ki?

Əsas millimizin ümidsiz çıxışı davam etməkdədir. Lakin perspektiv millimizin də aciz nəticələri düşünməyə, vacib əhəmiyyətli qərarlar verməyə SOS siqnalı olmalıdır.

Samir Əliyev daim şikayətlənir ki, bu milliyə dəvət olunanların çoxu oyun praktikasından əziyyət çəkir. Ölkə çempionatında gənc futbolçulara şans az verilir, baş məşqçi haqlıdır, ancaq kifayət qədər oynayanlar da var. Nə kifayət qədər oynayan, nə də az şans qazananlar millidə normal futbol göstərə bilir.

Hiss olunur ki, Əliyevin də ideyaları tükənib, nəticələri yaxşılaşdırmaq üçün heç nə edə bilmir. Halbuki potensialına görə kifayət qədər güclü həyətə malikik. Mütəxəssislər də bildirir ki, U-21 millimizin nəticələri imkanlarına uyğun deyil.

AFFA bu mövzuda tutarlı addımlar atmalıdır. Zaman gözləmir…

Kamil Əhməd