Azərbaycan millisi UEFA Millətlər Liqasında İsveçə (1:3) və Slovakiyaya (0:2) məğlub olub. Bu, yeni baş məşqçi Fernandu Santuşun yığmadakı ilk matçları idi.
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov “FutbolPress“ə açıqlamasında millinin nəticələrinin utancverici olduğunu dedi:
“Millinin timsalında iki utancverici, faciəvi oyun izlədik. Komanda adına heç nə yoxdur, sanki təlim-məşq toplanışına yığılmış futbolçulara baxış oyunları idi. İstəksiz, həvəssiz, pərakəndə və sumbur oyunlar oldu. Komandada xarizmatik, iradəli, nüfuzlu aparıcı qüvvə yoxdur. Gələcəyi də çox müəmmalı və perspektivsiz görünür. Artıq hamı futbol oynamağı öyrənib, dünənki aşkar autsayderlər bu gün qələbə sevinci yaşayırlar. Gürcüstan və Ermənistan komandaları bizimkilərlə müqayisədə daha güclü rəqiblər üzərində həsədaparıcı qələbələr qazanırlar. Futbolumuz kritik durumdadır, ciddi reabilitasiyaya ehtiyacı var. Bu isə ən yüksək səviyyədə həll olunmalıdır”.
Sultanov problemlərin həll yollarından da söz açdı:
“Hesab edirəm ki, ilk növbəfə futbolumuz SOCAR buxovundan azad olmalıdır, futbolçularımız öz xoşbəxtliklərini, zənginliklərini burda yox, alın təri ilə qazanılmış yüksək peşəkarlıq səviyyəsi ilə Avropanın, dünyanın aparıcı klublarında axtarmalıdırlar. Ayrılan böyük vəsaitlər çox neqativ hallar yaratmaqla, idarəetmədə korrupsiyaya, alverçi təfəkkürlü futbolçu-məşqçi maklerliyinə yol açır, futbolçuların peşəkarlıq missiyasının genişlənməsi və artırılması üçün hər hansı stimullaşmanı sıfıra endirir.
Legioner sayının çoxluğu, milli futbolçuların inkişafının qarşısını alan ən çətin baryerdir. Legioner sayı o halda çox və ya limitsiz olar ki, ölkənin özünün çoxsaylı futbolçuları digər futbol ölkələrində legioner həyatı yaşayarlar. Gürcüstanı əyani misal göstərmək olar. Belə ki, bu yaxınlarda başa çatmış Avropa çempionatının final mərhələsində iştirak etmiş Gürcüstan yığmasının 26 nəfər üzvündən ikicə nəfəri öz milli çempionatlarında oynayırlar, qalan 24 nəfəri isə Avropanın aparıcı klublarında çıxış edirlər. Nəticə çıxarmaq gərəkdir, ya qürurverici milli futbol yaratmalıyıq, ya da ərəb ölkələri kimi xarici mütəxəssis və legionerlərdən ibarət lokal sayda əyləncə klubları yaratmalıyıq”.
Sultanov uğursuz nəticələrdə yeni baş məşqçi Fernandu Santuşu günahlandırmağın düzgün olmadığını qeyd etdi:
“Sizcə, Mixael Şumaxer, Luis Xemilton bir sınıq-salxaq “011”-ə oturub “Formula-1” yarışlarını uda bilərlərmi? Lap Ançelotti-Quardiola-Mourinyo triosu gəlsə belə, nəticə eyni olacaq. Ölkədə cəmi 50-55 nəfər davamlı oynayan futbolçu var. Legionerimiz isə demək olar ki, yoxdur. Belə görünür ki, futbolçu peşəsi Azərbaycanda ən defisit peşədir. 50 futbolçudan 25 nəfəri əsas milliyə çağrılır, bir neçəsi isə aşağı yaş qruplarına. Belə çıxır ki, milliyə düşməmək düşməkdən daha çətindir. İlk iki oyuna görə Fernandu Santuşu mühakimə etməyi ədalətsiz hesab edirəm. Amma standart vəziyyətlərdə qərarlarını sərt şəkildə bildirməli idi. Baş məşqçi kontrakt şərtlərinə uyğun olaraq, ən azı bir tsikli başa vurmalıdır. Reallığa söykənsək, bugünkü vəziyyətdə xarici məşqçilərin dəvət olunmasını məqsədəuyğun hesab etmirəm. Adlı-sanlı, nüfuzlu məşqçiləri mütəmadi 2-3 həftəlik treninqlərə dəvət etmək daha səmərəli olardı. Futbolumuzun ümumi problemləri artıq qlobal xarakter daşıyır və hərtərəfli, köklü həlli üçün beynəlxalq futbol institutlarının və nüfuzlu mütəxəssislərin dəstəyi ilə yeni, işlək futbol proqramı hazırlanmalıdır”.
Şahin Cəfərov