Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş millidə işə başlayıb. Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında iki oyunda uduzub – İsveç – 0:3, Slovakiya – 0:2.
Santuş iki görüş üçün yığmaya 24 futbolçu dəvət etmişdi. Matçlarda demək olar, dəvət alanların böyük əksəriyyəti şans qazandı, yaxşı/pis oyununu göstərdi.
Santuşun seçimlərindən kənar qalanlar isə qapıçılar Rza Cəfərov, Yusif İmanov, müdafiəçi Qismət Alıyev, yarımmüdafiəçi Xəyal Nəcəfov, hücumçu Rüstəm Əhmədzadə oldu.
Rza, Qismət və Rüstəm keçmiş baş məşqçi Canni De Byazinin dönəmində şans qazananlardan idi. Portuqaliyalı Santuş isə onları iki oyun üçün münasib görmədi.
İki matçda da startda yer alan Mehdi Cənnətov 5 qol buraxsa da, bundan ikiqat çox seyvi ilə diqqət çəkdi. Santuşun bu seçimdə yanıldığını demək düzgün olmaz. Lakin Qismət və Xəyal bu mövsüm komandalarında yaxşı performans sərgiləyir və onların şans qazanmaması birmənalı qarşılanmır.