1 və 2-ci yazılara verilən oxucu reaksiyalarından da görünürdü ki, insanlar bezib. Vəd verib, uğursuz çıxanların vəd vermədən həyasızlıqla ölkə futbolunu qəsb edən keçmiş idarəçilərdən fərqi qalmır artıq.
Gücənib, ortaya çıxardıqları Santuş versiyası da boş çıxıb. Millidə nəinki oyun intizamı, heç sıravi intizamı bərqərar edə bilməyən bir qocanın əlində çarnaçar qalacağıq bir müddət də.
İsveçə 1:3, Slovakiyaya da 0:2 məğlubiyyət.
“Gələcəyin komandasını birgə quraq” deyən Santuş bizi aldadır. O, bilir ki, bu “materiallarla” müntəzəm uğurlu nəticələr mümkünsüzdür. Resursu olmayan potensialı önəmsəmək şəxsi mənafe xatirinədir.
Görünür, iki ardıcıl gözlənilən məğlubiyyətə qarşı heç nə edə bilməyən milyonluq qoca məşqçi AFFA rəhbərliyi tərəfindən öyrədilib: mücərrəd uğurlu gələcəkdən dəm vur…
Özü də bu, elə keçmiş AFFA rəhbərliyinin dəsti-xəttidir.
Çünki keçmişdən qalan bir “xal” var – Elşad Nəsirov. AFFA-da gedən dəyişikliyə pəl atıb, vəziyyətlə barışmır, hegemoniyasını itirməməkçün hər hiyləyə əl atır…
Rövşən Nəcəf onun fəlinə uyub. Bir çox qərarlarla bunu aşkar büruzə verir. Ayılıb özünə gəlməsə, “Neftçi”dəki kimi – biabır olacaq. AFFA-nı bu gedişatla yaxşı gələcək gözləmir.
Yenə kütlə “günah keçiləri” ilə başını qatır. Gah Santuş, gah hansısa futbolçular hədəf seçilir… Bəli, eynən nəsirovsçuluq stilistikası. Vaxt uzatmaq, yayındırmaq və s.
Ölkə futbolunun ciddi islahatlara ehtiyacının olduğunu mətbuat və mütəxəssislər illərdir ki, detallı, izahlı yazır, deyir. Amma fikir verin, irəli bircə addım atılmır. Qapanıb AFFA. Özgüvənsizlikdən, şəffaf işləməməkdən, niyyətin səmimi olmamasından dolayı futbol ictimaiyyətinə açılmır, qınına çəkilib. Hücrəsində eşələnən bu rəhbərlikdə ikitirəlik də artıq ürək bulandırır. Tezliklə bu iyrəncliyə bir çarə tapılmasa, həll olunmasa, detallar çılpaqlığıyla ictimaiyyətə açıqlanacaq. Onda artıq Rövşən Nəcəf və hiyləsinə uyduğu Nəsirov xaotik durumda boğulub itəcəklər.
İnanırdıq ki, “Neftçi” dönəmində Nəsirovun boyunduruğuna əyilən bu növcavan klubun düşdüyü rüsvayçı vəziyyətə baiskar olmasına görə “dərs çıxarar”, amma AFFA prezidenti kimi də eyni mərəzə tutulub və davam etdirir.
Elçin Cəlilov