2-yə 0

Azərbaycan millisi UEFA Millətlər Liqasının II turunda yenə məğlub oldu. Startda Bakıda İsveçə uduzan yığma bu dəfə Slovakiyanın müqavimətini qıra bilmədi – 0:2.

Fernandu Santuş İsveçə məğlubiyyətdən sonra bir neçə oyunçunu ehtiyatda saxlamış, fərqli adlarla start “11-lik” qurmuşdu. Emil Mustafayev, Ozan Can Kökçü, Rahil Məmmədov ilk matçdan fərqli bu dəfə startda oyuna başladı.

Slovakiya yığması oyuna daha sürətli başladı. 5 dəqiqə ərzində qapıya iki zərbə endirən slovaklar erkən qol axtarışında olduğunu gizlətmirdi. Komanda istəyinə 22-ci dəqiqədə çatdı. Amin Seydiyevin sərt müdaxiləsindən sonra penalti qazanan Slovakiya hesabı açdı. Qoldan sonra da təzyiqini davam etdirən rəqib 26-cı dəqiqədə daha bir qol vurmaqla demək olar, ümidləri qırdı. Bu dəfə də Amin Seydiyev cinahında səhvə yol verərək, rəqibin fərqlənməsinə zəmin yaratmış oldu. Amin ümumiyyətlə Slovakiya ilə görüşün ən zəif bəndi oldu.

Milli ilk hissənin sonlarına yaxın fərqi azaltmağa çalışsa da, cəhdlər nəticəsiz qaldı. Fasilədən sonra da ciddi hücumla yadda qalmayan yığmamız növbəti məğlubiyyətini yaşadı. Görüşdə yeganə müsbət məqam Mehdi Cənnətovun əla seyvləri və hesabın daha böyük olmaması idi.

Fernandu Santuş beləliklə millidəki birinci iki oyununu da uduzdu. Keçmiş baş məşqçi Canni De Byazinin gedişindən sonra Santuşun təyinatına ümidlə yanaşılırdı, lakin iki oyuna əsasən ciddi irəliləyiş sezilmir. Eyni milli, eyni nəticələr. Qrupda artıq ilk iki sıradan – İsveç və Slovakiyadan 6 xal geri qalınır. Kobud səslənsə də, bu oyunla yeganə xal ümidimiz Estoniya olacaq.

Kamil Əhməd