Bundan əvvəlki AFFA rəhbərliyindən nəsə gözləməyə dəymədiyini çoxdan qəbul etmişdik deyə, millinin məğlubiyyətxana açdığı hər tsikldə ironik məqalələrlə kifayətlənirdik. Heç o rəhbərlik də özünü elə aparmırdı ki, futbolu düşündüklərinə dair zərrə ehtimalımız olsun. Azarkeşlər isə artıq 4-5 il idi stadionda “istefa” çığırmır, polis bölmələrinə aparılmaqdan bezib, sarsaq “ətalətlə” barışmışdı. Lakin…
Aprelin 2-də seçilən yeni AFFA rəhbərliyi iddialı danışırdı. Rəhbərlikdə assosiasiyanın köhnə isteblişmentinə radikal mövqedə olanlar da, hətta futbolu onların əlindən xilas etməyin vacibliyini bildirənlər də.
İndi onlardır idarəçilər. İddialılar. Dağı dağ üstünə qoyub, futbolumuz üçün möhtəşəm layihələr icra edəcək təşəbbüskarlar. Yarım ilə yaxınlaşır, ancaq bu müddətdə futbol adına fundamental bircə qərar yoxdur.
Lisenziyalaşdırma qrupuna tapşırıblar işi. O da hələ gücənir; bilmirlər necə etsinlər. Klublardan, qurumlardan ideya istəyirlər. Nə deyəsən…
Milli komandaya Fernandu Santuşu baş məşqçi təyin etdilər, amma bilinmədi ki, bu qərar necə formalaşıb və icra edilib.
İsveçlə son oyunda 3:0 udmuşduq və o qələbə necə sıradan qəbul olundusa, dünənki qarşılaşmadaki nəticə də – məğlubiyyət və ya qələbə – ciddiyə alınmayacaqdı. Çünki AFFA milli komandadan tutmuş, digər bütün qərarlarında yanlış addımlar atdı. Santuşun günahı, təqsiri qətiyyən yoxdur. Ramili çağırıb, misalçün şamili çağırmamağı, start heyətində Cənnəti deyil, cəhənnəmi buraxmamağı heç əhəmiyyətli deyil. Müzakirə mövzusu bu deyil. Adam ömrünün ekstrataymında milyonluq müqavilə təklifi alıb, qarşı tərəf kimi əbləhdirmi – fürsətini dəyərləndirib də. Vallah, Santuşu söyməklə heç nəyə nail olmayacaqsınız…
Azərbaycan futbolunun dünəni kimi bu günü də işbilməzlərin poliqonuna çevrilib. Sabahı da belə olacaq. Əfsus ki, illərlə car çəkdiyimiz; futbolun fikir elitası formalaşmır. Belə getsə, heç vaxt da formalaşmayacaq və əminliklə söyləmək olar, bu gedişatla milli səviyyəsində tutarlı nəticəyə nail olmayacağıq!
Ona görə də, AFFA-nın gözünə girsin! Millinin dünənki ən mübariz oyunu nəticəsində 1:3 hesablı məğlubiyyət də, bütün yaş qrupları üzrə millilərdəki xaotik vəziyyət də, nəhayət, assosiasiya daxilindəki ikitirəlik də.
Elçin Cəlilov