Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının I turunda İsveçi qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Yığmanın sabiq futbolçusu Zaur Həşimov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Yeni baş məşqçi Fernandu Santuşa və milliyə uğurlar arzu edirəm. Düzdür, hazırlaşmaq üçün vaxt çox az olub. Amma Santuş təcrübəlidir və bunun hesabına komandanı oyuna kökləyə biləcək. O, həmişə yüksək səviyyəli komandalarla çalışıb, dominant futbola üstünlük verib. Onun bu dəfə bizim yığmamızda hansı futbola üstünlük verəcəyi çox maraqlıdır”.
Mütəxəssis İsveçin matça revanş hissi ilə çıxacağını bildirdi:
“Milli fərqli məsuliyyətdir və burada futbolçuların üzərinə böyük yük düşür. İsveçi Bakıda 3:0 hesabıyla məğlub etmişik. İndi onlar görüşə revanş hissi ilə çıxacaqlar. Bu amil oyunun gərginliyini daha da artırır. Buna baxmayaraq, düşünürəm ki, yaxşı nəticə əldə edəcəyik”.
Həşimov yığmanın bugünkü matçda müdafiədə diqqətli olmasının vacibliyini qeyd etdi:
“Millinin bu gün müdafiədə diqqətli oynaması çox vacibdir. Bu, başa düşüləndir. Heyətdə yer alan oyunçular hazırlıqlıdır və problem olmayacağını düşünürəm. “Sumqayıt”dan iki futbolçu – Elvin Bədəlov və Səbuhi Abdullazadənin da yığmada olmasını istərdim”.
Şahin Cəfərov