Sentyabrın 2-də Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə “İdman Paytaxtı” Quba şəhərində 12 yaşadək futbolçular arasında “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə əvvəlcə iştirakçı komandaların paradı baş tutub. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək “Ulduz Cup” beynəlxalq turnirinin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildirib və komandalara uğurlar arzulayıblar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.
Turnirin ilk görüşündə “Ulduz” FA və “Bunyodkor” (Özbəkistan) komandaları üz-üzə gəlib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır. “A” qrupunda “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK, “B” qrupunda isə “Dinamo Minsk” (Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayacaq. Turnirin final matçı sentyabrın 6-sı baş tutacaq.