Azərbaycan Premyer Liqasında 5 tur başa çatıb. Turnir cədvəlinin birinci pilləsində “Turan Tovuz” qərarlaşıb. Mövsümə iddialı start vermək istəyən “Neftçi” isə uğursuz başlayıb və 9-cu pillədədir.
Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında APL-dəki 5 turu dəyərləndirdi:
“Turan Tovuz”un birinci sırada yer alması sürpriz görünə bilər, ancaq Kurban Berdıyevin gəlişindən sonra komandada irəliləyiş var. Yaxşı taktika ilə bu sıraya gələ biliblər. “Neftçi”nin son sıralarda olması isə pisdir. İnanıram ki, fasilə onlar üçün yaxşı olacaq və özlərinə gələ biləcəklər. Digər komandalardan isə avrokuboklardan qayıdanlar – “Zirə”, “Sabah” və “Sumqayıt” görünür hələ psixoloji yorğunluğu ata bilməyiblər. “Şamaxı” və “Araz-Naxçıvan” da yeni yığılan komandadır və onlar da pis nəticələr göstərmədilər. Yenə də 5 turdan sonra mövsümlə bağlı nəsə proqnoz vermək düzgün deyil. Fasilədən sonra bir neçə tura nəsə demək olar”.
Şahin Cəfərov