“Turan Tovuz” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qol buraxmayıb.
Futbolpress.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0. Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i üç cavabsız qolla məğlub edib.
Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir komanda ilk 5 matçında qol buraxmayıb. Buna ilk dəfə 1993/94 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/96, “Dinamo” (sonrakı “Bakı”) 1998/99 mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda iki belə seriyaya imza atıb: 2007/08 və 2010/11 mövsümlərində. “Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub.
2016/17 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.