Azərbaycanda uşaq futbolunun inkişafı birbaşa akademiyaların fəaliyyəti, məşq prosesləri, məşqçi/uşaq seçimlərinin yaxşı olması ilə bağlıdır. Son illərdə xüsusilə, Premyer Liqa klublarının akademiyalarında canlanma müşahidə edilir. Xüsusilə, “Qəbələ”, “Sabah” və “Neftçi” akademiyasından son illərdə neçə-neçə gənc oyunçular üz çıxmış, bəziləri artıq Premyer Liqada top qovmağa başlayıblar. Digər klublarda da canlanma müşahidə olunmasına baxmayaraq, inkişaf ləng gedir.
Futbolun bölgələrə siyarət etməsi, rayon komandalarının I, II Liqada mübarizə aparması həm kütləviliyi artırıb, həm də istedadlı uşaqların üzə çıxması ilə nəticələnib. Təsadüfi deyil ki, son illərdə Premyer Liqa klublarının aşağı yaş qrupları üçün seleksiyaları rayonlar üzrə də aparılır və perspektiv vəd edən uşaqlar komandalara cəlb edilirlər.
Zaqata, İmişli, Quba, Lerik, Yevlax, Mingəçevir, Şəki, Qəbələ, Qusar hazırda aşağı liqalarda təmsil olunur. Elitada isə Gəncə (“Kəpəz”) və Tovuz (“Turan Tovuz”) klubları mübarizə aparır.
“Turan Tovuz” bu mövsümə əla start verib. Komanda Premyer Liqada 5 turdan sonra 13 xalla liderdir və qol buraxmayıb. Ötən il kluba “Huner Group”un sponsor gəlməsiylə inkişafa təkan verilib, artıq müsbət nəticələr də özünü göstərməkdədir.
Bu ilin yanvarında Tovuzda yeni futbol akademiyası da istifadəyə verilib. Artıq bölgə gəncləri üçün futbolla məşğul olmaq, bu sahənin sirlərinə yiyələnmək üçün demək olar, müəyyən qədər şərait yaradılıb.
Tovuz Futbol Akademiyası ilə bağlı kluba yeni koordinator təyin olunan Ülfət Mədətovla danışdıq. Akademiya rəsmisi hazırkı durumdan söz açdı:
“Vəziyyət yaxşıdır. Akademiyamızda hazırda müxtəlif yaş qruplarından ibarət komandalarımız məşqlərə davam edir. Xüsusilə, yuxarı yaş qruplarımız ilə U-19, U-17, U-16 və U-15 – 16 Avqust tarixindən məşqlərə başlamışıq. Bundan əlavə, gənc yaş qruplarımıza da xüsusi diqqət ayrılır. U-14-dən U-6-ya qədər olan yaş qruplarımız 19 avqust tarixindən məşqlərə başlamışdır”.
Mədətov son illərdə Tovuzda futbola marağın artdığını bildirib və inkişafdan danışıb:
“Tək Tovuzda deyil, ətraf rayonlar Şəmkir, Ağstafa, Qazaxda da futbola olan maraq son illərdə əhəmiyyətli dərəcədə artıb və bu, komandanın Premyer Liqada oynamağı ilə də bağlıdır. Bu marağın artması, uşaq futbolunda da müsbət təsirlərini göstərir. “Turan Tovuz”un xüsusilə Premyer Liqada iştirakı, akademiyanı bölgədə daha geniş kütlələrə tanıtdı və uşaqlar arasında idmana olan marağı artırdı. Bütün bu inkişaflar, uşaq futbolunun keyfiyyətini artırmağa, futbolçularımızın daha yüksək səviyyədə yetişmələrinə və gələcəkdə uğurlu karyeralar qurmağına kömək edir”.
Mədətov yeni sayılan akademiyadakı çatışmazlıqlara da toxundu:
“Akademiyada müsbət tərəflərimiz çoxdur və bu, bizim uğurlarımızın əsasını təşkil edir. Lakin, təbii ki, bəzi məsələlər üzərində işləməliyik. Bizim prioritetimiz problemləri vaxtında aşkar etmək və həll etməkdir.
Hər hansı bir problem üzə çıxdıqda, dərhal rəhbərliklə bir yerdə mövcud vəziyyəti analiz edirik və effektiv həll yolları tapmağa çalışırıq. Əsasən, müsbət tərəflərimiz proqramlarımızın müasirliyi, infrastrukturu, və cəmiyyət dəstəyidir. Bununla yanaşı, bəzi sahələrdə inkişaf etmək üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Vacib məqam odur ki, hər hansı bir problem meydana gəldikdə, onu həll etmək üçün birgə çalışırıq və problemləri ən qısa müddətdə həll etməyə çalışırıq. Bu yanaşma, akademiyamızın davamlı inkişafını təmin edir və futbolçularımıza ən yaxşı şəraiti yaratmağa kömək edir”.
Həmsöhbətim ölkə futbolunun inkişafı üçün bölgələrdə bu sahənin təbliği, kütləviliyinin artmasının vacib amillərdən olduğunu qeyd etdi:
“Tovuz və ətraf rayonlar, tarixən Azərbaycan futboluna böyük töhfələr verib və bu, indiki dövrdə də davam edir. Tovuz futbol akademiyası da bu yöndə önəmli rol oynayır. Akademiyamız, futbolun bölgələrdə inkişafını dəstəkləmək və yüksək səviyyəli oyunçular yetişdirmək məqsədini güdür.
Futbol rayonlarda uşaqların fiziki tərbiyəsində çox mühüm rol oynayır və bir çox müsbət təsirlərə malikdir. Bu idman növü uşaqların fiziki inkişafına dəstək verir, sosial bacarıqlarını artırır və uşaqların sağlam həyat yaşamasına kömək edir. Bizim məqsədimiz əvvəlki illərdə olduğu kimi, gələcəkdə də əsas və milli komandalarımıza sürpriz adlarla maraq qatmaqdır. Bu yöndə çalışırıq ki, Tovuz futbol akademiyasının yetişdirdiyi oyunçular, ölkə futbolunun müxtəlif səviyyələrində öz töhfələrini versinlər və futbolun inkişafına daha da irəliləyişlər gətirsinlər”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.