“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçirdikləri görüşdən (1:0) sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirdi…
– Oyuna hazırlaşmaq asan deyildi. Birinci oyunda 0:6 hesabıyla uduzmuşduq. Maksimum köklənmişdik və sona qədər mübarizə aparmaq istəyirdik. İlk dəqiqələrdən təzyiq göstərə bildik. Erkən qollar nəsə ümid yarada bilərdi. Təbii, 0:6-dan geridönüş görməmişəm, amma mübarizə aparmağa çalışdıq. Bu gün ancaq qələbəni düşünürdük. Azından klubun reytinq xalı və pley-offda qələbə qazanmaq önəmli idi. “Omoniya” bizlə müqayisədə çempionata gec başlayıb və az yüklənmələri var. Onların bizdən gümrah olduğu ilk matçda göründü. Futbolçularımı təbrik edirəm, avrokubokdakı çıxışlarından məmnun qaldın. Bütün fikrimizi indi çempionata verməliyik.
– Bir həftə əvvələ qayıtsaydınız, nəyi dəyişərdiniz?
– Müəyyən şeylər var idi. Səfərdə daha müdafiəyəmeyilli heyət qurmalıydıq. Bizdə bəzən futbolu reallıqdan uzaq təhlil edirlər. Bəzən də bunlar qərarlarımıza təsir edir. Bunlar da düzgün deyil. Düzgün bildiyini etməlisən. Həmin oyunda ehtiyatlı sistem düşünürdüm, amma bu qərarı vermək çətin idi. İki mərhələ keçib, anidən belə dəyişiklik etmək, məsuliyyəti üzərinə götürmək asan deyildi. Səfərdə heç-heçə edə bilsəydik, bu gün daha çox şansımız ola bilərdi. Düşünürəm ki, 0:6-dan düzgün nəticə çıxarsaq, böyük faydaları olacaq.
– Komandada nələr dəyişib?
– Futbolçular indi bir-birini daha yaxşı başa düşür, anlaşırlar. Bu amilləri istər avrokubok, istərsə də digər oyunlarda şahidi olduq. Bunları qorumaq və inkişaf etdirmək lazımdır. Təəssüf ki, ciddi zədələrimiz, itkilərimiz oldu. Bilirsiniz, söhbət əvəzedənin zəif olmasından getmir, sadəcə aparıcı oyunçunun itkisi tempdən düşməyə səbəb olur. İsa Cibrilla ilə oynayırdıq, ötən il isə Məqsəd İsayev onun mövqeyində idi. Artıq görürük ki, İsayev də formasını bərpa edib. Hacıağa Hacılı ilk oyunda isinmədə zədələndi, amma əvəzetməyə oyunçu olmadığı üçün məcbur oynatdıq. Belə detallar xırda görünə bilər, amma həlledicidir. Bu gün komandamız daha gümrah, aqressiv idi. Topla rahat oynamalarına da imkan vermədik. İlk oyuna qayıtsaydıq, bəzi şeyləri dəyişərdik. Qarşıda çempionatda “Qarabağ”a qarşı oyunumuz var. Heyətdə itkilərimiz var, rotasiya imkanımız azdır. Gücümüzü toplayıb, istədiyimiz nəticəni almağa çalışacağıq. Çempionatda keçirəcəyimiz növbəti 5 oyundan 3-ü “Neftçi”, “Qarabağ” və “Sabah”a qarşıdır. Belə məqamlarda daha çox xarakter göstərməli, yaxşı hazırlaşmalıyıq.
– Komandanı bu gün qələbəyə kökləmək çətin olmadı?
– Daha çox oyunçulara buraxmışdım. Onlara güvənirəm və təcrübəli futbolçularımız var. Bəlkə də, ən az danışdığımız oyunlardan idi. İnanırdım və güvənirdim ki, çıxış yolu tapacaqlar. Məğlub olsaydıq da, özlərində güc tapacaqdılar.
– Məşqçi karyeranızda növbəti hədəfiniz nədir?
– Daha da artırmaq. İşim, məqsədim, hədəfim nəticələri stabil etməkdir. Hər il avrokubokda oynamaq, reytinq xalları qazanmaq və addım-addım inkişaf edib, avrokuboklarda qruplarda oynamaq, çempionluq üçün mübarizə aparmaqdır.
– “Qarabağ” iki oyundur məğlub olur və sizinlə matçda aqressiv olacaqlar. Qarşılarında tarixin ən güclü “Zirə”sini görəcəyik?
– Heyətdə itkilərimiz var. “Qarabağ”la oyunda ən güclü “Zirə”ni görə bilməsək də, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.
Şahin Cəfərov