“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda xorvatlar qələbə qazanıb – 3:0.
“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov “FutbolPress“ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“Təcrübəli rəqibə qarşı oyun olacaq. İlk oyunda gördük ki, qələbə qazanmaq mümkündür. Romao və Veşoviçin oynamaq şansı var, bunlar da komanda üçün motivasiyadır. Lakin rəqibi də unutmaq olmaz və 3:0 öndə başlayırlar. Fikirləşirəm ki, “Qarabağ” erkən qol vursa, davamını gətirəcək. Nə olur olsun, “Qarabağ”layıq”.
İsmayılov “Qarabağ”ın artıq səviyyəcə yüksəldiyini və Avropa klublarının onlardan çəkindiyini bildirdi:
“Komanda başından yuxarı tullanıb və kifayət qədər səviyyə yüksəldib. Artıq Avropa klubları da “Qarabağ”dan çəkinməyə başlayıb. İlk oyunda məğlubiyyət olsa da, heç nə bitməyib. “Qarabağ” mərhələ adlaya bilər, inanıram ki, hamı bunun üçün çalışacaq. Alınmayacaq da, yola Avropa Liqasında davam ediləcək. Düzdür, hamı istər ki, Çempionlar Liqası olsun, amma qismət. Görək, ələ düşən şansları dəyərləndirə bilsək, yaxşı olacağına inanıram”.
Veteran futbolçu Zaqreb təmsilçisinin əks-hücumlara bel bağlayacağını və onları dayandırmağın yollarının tapılmasının vacibliyini vurğuladı:
“Dinamo”nun da şansları olacaq və bunların qarşısını almaq lazımdır. Zaqreblilər də “Qarabağ” kimidir, müdafiə hücuma nisbətən axsayır. Onlar da əks-hücumlarda şans tapmağa çalışacaqlar. “Dinamo”nu fürsətlərinin qarşısı alınsa və “Qarabağ” hücumda dəqiq olsa, inanıram ki, mərhələ keçiləcək”.
Matç saat 20:45-də start götürəcək.
Şahin Cəfərov