“Qarabağ” bu gün Çempionlar Liqasında “davam, ya tamam” oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk oyununda 0:3 hesabıyla uduzan “Qarabağ” mərhələ adlamaq üçün dörd fərqlə qələbə qazanmalıdır. Çətin görünür, amma mümkünsüz deyil.
Hərdən düşünürsən ki, “Qarabağ” hansı səviyyəyə çatıb ki, Xorvatiyanın nəhəng “Dinamo”su ilə görüşdə 0:3-dən geridönüşə inam çox böyükdür. Dünən oyunöncəsi “atlılar”ın baş məşqçisi Qurban Qurbanov və müdafiəçi Bəhlul Mustafazadənin mətbuat konfransındakı inamlı çıxışı böyük ümidlərə səbəb oldu.
Tək Qurbanov deyil, azarkeşlər, futbol ictimaiyyəti yaxşı nəticəyə ümid edir. 0:3 kiçik hesab deyil, ancaq “Qarabağ”ın Xorvatiyadakı matçda sərgilədiyi oyun, qaçırılan saysız-hesabsız epizodları nəzərə alanda, bu dəfə dəqiq olub, mərhələ adlamağın mümkünlüyü ortadadır. Xüsusilə, vurulacaq erkən qol və böyük azarkeş dəstəyi “Dinamo”nu daha təzyiq altına sala bilər. Maraqlı faktdır ki, zaqreblilər son illərdə avrokubokların pley-offlarında cavab görüşlərində böyük hesabla uduzub, mübarizəni dayandırıb. “Qarabağ” rəqibin bu uğursuz seriyasını davam etdirmək potensialındadır.
Oyun saat 22:45-də start götürəcək. Oyunun ssenarisi müəyyən qədər məlumdur – “Qarabağ” erkən qol axtarışında, “Dinamo” isə əks-hücumda boşluq yaxalamaq arzusunda olacaq. İnanmaq işin yarısıdır, “Qarabağ”da, futbol ictimaiyyətində, azarkeşlərdə, bir sözlə, hər kəsdə inam var.
“Qarabağ” “Dinamo” səddini aşmaq potensialındadır və bununçün sadəcə müdafiədə diqqət və irəlidə dəqiqliyə ehtiyac olacaq.
Şahin Cəfərov