“Qarabağ”ın sabiq futbolçusu, hazırda “Neftçi”də çıxış edən Filip Ozobiç Xorvatiya mətbuatına müsahibə verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi sabah Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Dinamo” oyunu haqda danışıb:
“Dinamo”dan kimsə mənimlə əlaqə saxlamayıb. Onlar buradakı iqlimdən xəbərdardırlar. İlk oyunda “Dinamo” 3:0 hesablı qələbə qazansa da, asan olmadı. “Qarabağ”ın yaxşı şansları var idi, ancaq qol olmadı. Demək olar, “Qarabağ” azı bir saat keyfiyyətli futbol oynadı.
“Qarabağ” ilk dəqiqələrdən hücuma atılıb, qol vurmağa çalışacaq. “Dinamo” bilməlidir ki, Bakıda onları asan oyun gözləyir. “Qarabağ” təhlükəli komandadır, “Dinamo” müdafiədə ciddi diqqət göstərməlidir”.
Ozobiç “Qarabağ”ın oyun üslubuna da toxunub. Yarımmüdafiəçi eyni zamanda “atlılar”ın təhlükəli oyunçularının adlarını çəkib:
“Düşünürəm ki, baş məşqçi Qurban Qurbanov ilk oyundan nəyisə dəyişməyəcək, heyət də Zaqrebdəki kimi olacaq. Qurbanovun öz üslubu var və onu dəyişmir. Marko Veşoviç və Marko Yankoviç kimi itkiləri var. Hücumda Juninyo “Dinamo” üçün ən böyük təhlükə olacaq. O, Zaqrebdəki kimi bu dəfə şansları qaçırmaya bilər. Ümumiyyətlə, 3:0 hesabı böyük üstünlükdür. Bu, “Dinamo” üçün rahat ola bilər. Əla nəticə qazanıblar və Çempionlar Liqasının əsas mərhələsinin bir addımlığındadırlar”.
Sabah keçiriləcək “Qarabağ” – “Dinamo” oyununa saat 20:45-də start veriləcək.
Ozobiç 2018-2023-cü illərdə “Qarabağ”da forma geyinib.