“Sabah” Premyer Liqanın IV turunda “Sumqayıt”ı məğlub edib – 3:1. “Futuristlər”in kapitanı Elvin Camalov “FutbolPress“ə müsahibəsində qazandıqları ardıcıl ikinci qələbəni şərh etdi:
– Ardıcıl ikinci qələbəni qazandınız. Fikirlərinizi bilmək istərdim.
– Qələbə üçün şadıq. Çempionata istədiyimiz kimi başlaya bilmədik, amma bu qələbələr yerinə düşdü. Komanda olaraq oyunların əhəmiyyətini başa düşürük. Çox şükür ki, iki vacib oyundan qələbə ilə ayrıldıq. İndi bunu unudub, növbəti matçımıza köklənməliyik”.
– Komanda Konfrans Liqasında “Sent Patriks”lə duellərdə məğlub oldu, çempionatda ilk iki oyunda qələbəsiz qaldı. Ancaq indi sanki yenidən komandada canlanma var…
– Mövsümün ilk oyunu Konfrans Liqasında “Makkabi”yə qarşı oldu. Onları iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıra bildik və bunun üçün mövsümə yaxşı başladığımızı deməliyəm. Cavab görüşündə onlar daha yaxşı oynasa da, lazım olan nəticəni əldə edib, mərhələ adladıq. Bu cür güclü rəqiblə belə nəticəni heç kim gözləmirdi. “Sent Patriks” isə çox tanınmasa da, istəkli komandadır. Hər iki oyunda azlıqda olduq və düşünürəm ki, bu, birbaşa nəticəyə təsir göstərdi. Əlbəttə, hamımız nəticəyə görə təəssüflənirik, amma zamanı geri qaytarmaq olmur.
– Qısa zamanda toparlanmağınızı nə ilə əlaqələndirirsiniz?
– Futbolçuların hər biri peşəkardır və məğlubiyyətlərdən sonra toparlanmağı bacarır. Hər birimiz bunun futbol olduğunu bilirik və “Sent Patriks”ə məğlubiyyətdən sonra toplarana bildik.
– Bir ara komandaya ciddi tənqidlər var idi. Bu, nəticələrə təsirini göstərdi?
– Tənqidlərin olması normaldır. Hər kəs bizdən yaxşı nəticə gözləyir. “Makkabi”ni məğlub edəndən sonra “Sent Patriks”i də keçməyimiz gözlənilirdi, amma alınmadı. Mövsüm uzun marafondu, indidən nə olacağını demək çətindir. Sadəcə onu deyə bilərm ki, hər matça qələbə üçün çıxıb, əlimizdən gələni edəcəyik.
– İndi formanızı yenidən yığırsınız. “Sent Patriks” sizə nisbətən zəif komandadır. Bu oyunlardakı məğlubiyyətə görə peşmanlıq hissi var?
– Futbolda həmişə kağız üzərində favorit göstərilən komanda qələbə qazanmır. Bunu “Sent Patriks”lə və “Makkabi” ilə oyunda gördük. Xüsusilə, irlandlarla duellərdə meydanda istədiklərimizi edə bilmədik, planlaşdırdığımız kimi getmədi işlərimiz. Lakin bu komandanı da zəif adlandırmaq olmaz. Avrokuboklarda zəif komanda olmur, onlar pley-off mərhələsində “Başakşəhər”lə heç-heçə edib (0:0) və mərhələ adlamaq şanslarını saxlayıblar.
– Qarşıdan milli komandanın oyunları gəlir. Yeni baş məşqçi Fernandu Santuşdan dəvət gözləyirsiniz?
– Millidə olmaq hər futbolçu üçün şərəfdir. Amma heyəti məşqçilər korpusu müəyyənləşdirir. Dəvət gəlsə, komandaya kömək üçün əlimdən gələni edəcəm.
– “Sabah”ın əsas hədəfi nədir?
– Əsas hədəfimiz artırmaq və mümkün olan ən yüksək yerdə qərarlaşmaqdır. Təbii ki, əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.
Şahin Cəfərov