“Dinamo”nun baş məşqçisi: “İlk oyundakı nəticə bizi aldatmamalıdır”

“Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşü haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Çətin hava şəraitində ağır oyun bizi gözləyir. Bakıda çox rütubət var. “Qarabağ” ciddi komandadır və ilk oyundakı nəticə bizi aldatmamalıdır. Zaqrebdəki oyunda bəzi epizodlarda bəxtimiz gətirdi. “Qarabağ” cavab oyununda ilk dəqiqələrdən təzyiq göstərəcək.

Hər oyuna olduğu kimi normal hazırlaşmışıq. İlk matçda rəqibi meydanda hiss etdik və nəyi bacardıqlarını bilirik. “Qarabağ” hücumda risk etsə, boşluqlar verə bilər”.

Avqustun 28-də keçiriləcək matça saat 20:45-də start veriləcək. Komandalar arasındakı ilk görüşdə “Dinamo” qələbə qazanıb – 3:0.