“Sabah” Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv “Neftçi”dən sonra “Sumqayıt”ı da əliboş yola salıb.
III turda “Neftçi” səfərində yaxşı oyunla qələbə qazanan “futuristlər” doğma azarkeşləri önündə “Sumqayıt” üzərində inaml qələbəyə sevinib.
Startdan sona qədər üstün tərəf olan “Sabah” “kimyaçılar” qapısı qarşısında kifayət qədər qol epizodu yarada bildi. Konfrans Liqasında “Sent Patriks”lə duellərdən məğlub ayrılandan sonra sanki komandaya yeni nəfəs, gümrahlıq gəlib. Xüsusilə sürətli hücumlar, kombinasiyalı oyun və fiziki dayanıqlılıq yaxşı durumdadır. “Sabah” demək olar, matçda “Sumqayıt”a real qol şansı vermədi. “Gənclik şəhəri” təmsilçisinin yeganə qolu da müdafiəçilərin səhvindən sonra vuruldu.
“Sabah” son iki oyunda etibarlı çıxışı ilə fərqlənir. Maraqlıdır, “futuristlər” bu oyunları Konfrans Liqasında nə üçün göstərə bilmədi? Fiziki yorğunluq, yoxsa iki cəbhədə oynamağın çətinliyi? Suallar çoxdur, amma əvvəldən deyilir, yazılırdı, “Sabah” daha artığını bacarmaq potensialındadır.
Ardıcıl qələbələrdən sonra turnir cədvəlində 2-ci pilləyə yüksələn “Sabah”ın növbəti rəqibi “Kəpəz” olacaq. Yaxşı oyun və qələbələr “futuristlər”i yenidən iddialılar yarışına daxil etdi.