“Zirə” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Omoniya”ya (Kipr) məğlub olub – 0:6.
Azərbaycan yığmasının sabiq futbolçusu Yunis Hüseynov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Matçdan əvvəl “Zirə”yə inamım böyük idi. Son oyunlardakı çıxışları çox yaxşı idi və düşünürdüm ki, Kiprdə də sərfəli nəticə qazana bilərlər. Amma alınmadı, rəqib istədiyi hər şeyi edə bildi. “Zirə” çox zəif çıxış etdi. Belə olmamalı idi. İndi məğlubiyyət var və bu haqda çox danışmağa ehtiyac yoxdur”.
Veteran futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Dinamo”ya uduzan “Qarabağ”ın isə növbəti mərhələ şanslarının davam etdiyini söylədi:
“Qarabağ”ın mərhələ keçəcəyinə inanıram. İlk oyunda “Dinamo”dan daha yaxşı olduqlarını göstərdilər. Sadəcə biz əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Rəqib isə bəxtinin də sayəsində qələbə qazandı. Hesab 0:3 olsa da, Bakıda geridönüş etmək olar. “Qarabağ” azarkeşlərinin önündə çox yaxşı oynayır və inanıram ki, mərhələni keçə biləcəklər”.
Şahin Cəfərov