İndi media üçün, gələn dəfə(lərdə) bəs..?

Dünən “Neftçi”nin media koorditanoru Rüstəm Əfsərlinin jurnalistlərlə görüşü təşkil edildi. Və ya belə ifadə edək: ağır perioddan keçən “ağ-qaralar”da ilk döyüşə atılan (!) Əfsərli oldu. Format və ideya tam məlum olmasa da..

Uğursuz nəticələr fonunda futbol camiəsi, azarkeşlər tərəfindən tənqid atəşinə tutulan “Neftçi”də media önünə çıxmalı bəlkə də, sonuncu adam media koordinatoru olmalı idi.

Konfransın startında transferlər, klub strukturu və digər məsələrlə bağlı dolğun informasiyası olduğunu bildirən Rüstəm bəy, əslində, əsas sualların məhz komandanın nəticələri, klub idarəçilərinin gizlənməsi, uğursuz transferlərlə bağlı olacağını bilirdi. Buna baxmayaraq, media qarşısında inamlı dayandı və sualların müəyyən hissəsini uyğun şəkildə, “şiş yandırmadan” cavablandırdı: yeni transferin anonsu verildi, stadionda görüləcək işlərlə bağlı informasiyalar ötürüldü, klub televiziyasının peykə çıxarılması ilə bağlı planlar açıqlandı.

Rüstəm uzun illərdir Azərbaycan mətbuatında çalışan biridir. O da vəziyyətin nə yerdə olduğunu, medianın önünə çıxmalı olan şəxsin özü yox, klubun rəhbər heyətindən bir nəfərin olmalı olduğunu yaxşı başa düşürdü. Mətbuat konfransının təşkilinin də sırf öz istəyi ilə olmadığını bir növ üstülüörtülü olsa da, hiss etdirdi.

Buradan belə qənaətə gəlmək olar ki, o, ya işə götürülərkən öz üzərinə çox öhdəliklər alıb və indi buna görə də, “çıx, vəziyyətdən çıxar” deyilib, ya da sadəcə, gərgin məqamda media önünə çıxmaq sırf öz təşəbbüsü olub. İstənilən halda, forma, məzmun, məqsəd tam məlum olmalıdır.

“Neftçi”də mövsümöncəsi rəhbər heyətdə, komandada baş verən dəyişikliklərdən sonra ümidlənən kəsim az deyildi, lakin gedişat yenə yaxşı görünmür. Üç tur keçib və çempionluğa oynayacağı gözlənilən komanda hələ qələbə qazanmayıb. Nəticələrə birbaşa cavabdeh olan baş məşqçi Roman Qriqorçuk vaxt tələb edir, klub rəhbərliyindən üzə çıxan, sualları cavablandıracaq şəxs tapılmır.

Qriqorçukun ehtiyacı olan müddətin nə qədər olduğu da məlum deyil, artıq birinci sıradakı “Turan Tovuz”la fərq 5-ə yüksəlib. Ehtiyatda bir oyunu olan “Qarabağ” və “Zirə” ilə isə 4-dür, hələ 7-də olması böyük ehtimaldır.

Mətbuat konfransları media nümayəndələrinin suallarının cavablandırılması, qaranlıq məqamların aydınlaşdırılması üçün təşkil olunan tədbirlərdəndir. Lakin budəfəki görüşdə nə suallar aydınladı, nə qaranlıq məqamlar.

Gələn dəfə(lərdə) bəs..?

Şahin Cəfərov