“Neftçi” rəsmisi: “İnanırıq ki, bu yol uğurlu olacaq”

Bu gün “Neftçi”nin media koordinatoru Rüstəm Əfsərlinin mətbuat konfransı təşkil edildi.

Futbolpress.az xəbər verir ki, o, media nümayəndələrinin suallarını cavablandırdı:

– Maraqlıdır, niyə məhz siz media qarşısına çıxdınız?

– Bu, mənim vəzifə təlimatlarımdan biridir. Mətbuatla ünsiyyət, koordinasiya. Klubun fəaliyyəti ilə bağlı ay, həftə ərzində ictimaiyyətə çatdırmaq mənim vəzifə borcumdur. Meydanda baş verənlərlə bağlı isə baş məşqçi daha səhih məlumat verə bilər. Həftədə bir dəfə də onunla ünsiyyət imkanınız olur. Komandanın oyunu, taktikası ilə bağlı ona sual verə bilərsiniz. Meydandan kənarda baş verənlərlə bağlı dolğun məlumatlar var.

– Avrokuboklara vəsiqə qazana bilməsəniz, məsuliyyəti üzərinizə götürəcəksiniz?

– Vəsiqə qazanacağıq (gülür). Nəticələrə baş məşqçi cavabdehdir. Ümumiyyətlə isə vəsiqə qazanılacaqsa, hamımızın uğuru sayılacaq, olmasa da eyni qaydada hamımızın uğursuzluğu olacaq.

– Burada təksiniz. Klubun prezidenti, idman direktoru, transferlərlə məsul olan menecer də yoxdur. Suallar isə idmanyönümlü olacaq. Bu məsuliyyəti götürürsünüz?

– Klub quruculuğunda strukturla yanaşı, infrastruktur da önə çıxır. “Neftçi”nin tarixinə yaraşan formada deyildik, amma qısa zamanda işlər gördük. Bazamız artəq istifadəyə verildi, ikinci mərtəbə də yaxın zamanda istifadəyə veriləcək. Ötən həftə stadionun ot örtüyü ilə bağlı müəyyən fikirlər çıxdı. Bunların çoxuna reaksiya vermədik. Ot örtüyü haqda danışmaq istəyirəm. Mövsümün birinci oyununda gördük ki, ot örtüyü yaxşı vəziyyətdə deyil. “Forza Neftçi” oyuna əvvəldən hazırlıq görmüşdü, ona görə istədik ki, birinci matçı burada keçirəcək. Hazırda isə işlər gedir. Böyük irəliləyiş də var. Bu arenada sonuncu dəfə ot örtüyü 2019-cu ildə yenilənib. Bu müddətdən bu yana ancaq xırda işlər görülüb. Ötən mövsümün son oyunlarında da tez-tez stadion dəyişilməsi baş verirdi. İndi görülən işlər isə ot örtüyünün üst hissəsinin bərpasıdır. Stadionda havalandırma ilə bağlı problem olduğu üçün ot örtüyündə problemlər əmələ gəldi. Bunun üçünsə bərpa işlərinə ehtiyac var. Sentyabrın 21-nə qədər bütün işlər bitiriləcək. Transfer məsələləri ilə bağlı da rahat danışa bilərəm. Transfer siyasəti necə həyata keçirilir? Baş məşqçinin istədiyi mövqelərə oyunçular təklif edilir, skaut sistemi və idman direktoru sonra qısa siyahı hazırlayır və baş məşqçiyə təqdim edilir. Bundan sonra isə onun seçdiyi oyunçularla danışıqlar başlayır. Bu dönəmdə isə problemlər qaçılmaz olur, ya çox pul istənilir, ya başqa. Yeni transferin nəyə qadir olduğunu bilmək üçün azı 5-6 tur lazımdır. Yalnız Ştoqrin hazırda Qriqorçukun nə istədiyini dəqiq bilir, çünki biryerdə işləyiblər. Lakin digərləri üçün vaxta ehtiyac var. Nəticələr hər kəsi narahat edir. Sadəcə vaxt lazımdır. “Sabah”la matçda start heyətdə meydana çıxan oyunçulardan 5-i yenidir.

– Bir çox azarkeş fikirləşir ki, azarkeşlərin və idman mətbuatının sizə olan hörmətinə görə, rəhbərlik sizi rahat önə çıxara bilər. Bugünkü konfrans sırf sizin təşəbbüsünüz ilə olubmu? Və belədirsə, sizin deməli səlahiyyətləriniz daha çoxdur?

– Bu, mənim vəzifə təlimatlarımdır. Biz də sizin içinizdən çıxmışıq. Səlahiyyətlərə gəlincə, xeyr, klubda hər kəsin öz işi var və bununla məşğuldur. Media koordinatoru olaraq işimiz, mətbuat və ictimaiyyətlə əlaqələrdir. Yəni, klubda baş verənləri birinci mənbədən ictimaiyyətə çatdırmaqdır. Təşəbbüs isə qarşılıqlı olub. Həm rəhbərlik, həm də mən.

– Qara Qarayevlə bağlı çox söhbətlər dolaşır. O, komandada qalacaq?

– Qara Azərbaycan futbolunda iz qoymuş adlardandır. O, əsl futbol adamıdır. Baş məşqçidən tutmuş mənə qədər hər zaman onun haqda hörmətlə danışmışıq. Meydanda olanlar baş məşqçinin qərarıdır və ona onu start heyətdə görmədiyini deyib. Qara məsələsi müvəqqəti klubun daxili mövzusu olaraq qalsın. İstəyirik ki, heç bir tərəf narazı qalmasın.

– Emin Mahmudovun komandaya fayda vermədiyini düşünən azarkeşlər var. Onun taleyi necə olacaq?

– Azarkeşlər istənilən futbolçunu tənqid erməkdə, tərifləməkdə azaddır. Onun klubla müqaviləsi var və bizim kapitanımızdır.

– Transfer məsələləri nə yerdədir?

– Bu gün bir futbolçunun tibbi baxışı həyata keçiriləcək. Ya bu gün, ya sabah açıqlanacaq. Sol cinah müdafiəçisidir.

– Azarkeşlər üçün tribunada xüsusi oturacaqların qoyulacağı deyilirdi. Bu işlər də başlayıb?

– Bəli, ot örtüyü məsələsini tez başlatmaq istədik. Stadiondakı digər işlərin də sentyabrın 20-nə qədər bitməsi gözlənilir. Dam örtüyü, işıqlandırma, səs sistemləri ilə bağlı da işlər görüləcək.

– Zirədəki oyundan sonra fikirlər çıxdı ki, olmazdı ki, “Sabah”la oyun Masazırda olsun? Bununla bağlı rəqibə müraciət etdiniz?

– Belə düşüncələr var idi. Amma yekunda qərara gəldik ki, “Neftçi”nin ev oyunu Zirədə olsun.

– Gələcək mətbuat konfranslarında da siz olacaqsınız? Gedişata uyğun dəyişiləcək yoxsa?

– Bu mətbuat konfransının nəticələrə aidiyyatı yoxdur. Qarşıda sponsorluq müqavilələri olacaq, yeni oyunçuların təqdimatı da təşkil ediləcək. Başa düşmək lazımdır ki, iyul-avqust aylarında klubda dəyişikliklər sürətli oldu. Sanki xaotik göründü. Amma bunların sistemə salınması üçün vaxta ehtiyac var. Qarşıdakı vaxtlarda idman direktoru, icraçı direktor da bura gəlsin. Çalışacağıq, burada media ilə tez-tez görüşlər olsun.

– Təklif edərdim ki, oyunsonrası futbolçular üçün mətbuata danışmaq qadağasını aradan qaldırardınız…

– Qadağa deyildi. Bundan sonra da oyunlardan əvvəl və sonra futbolçularla danışmaq mümkün olacaq. Lakin oyunçuları da anlamaq lazımdır. Nəticə yaxşı olmayanda onlar da danışmaq istəmirlər.

– “Neftçi” kimi kluba öz stadionu lazım deyil?

– Lazımdır, sadəcə reallıqlar var. Bunu demək istəyirəm ki, böyük planlarında klubun özünəməxsus stadionunun olması var. Yenidən qurular, yamhansısa stadion balansa keçiriləcək, bilmirəm. Amma bununla bağlı planlar var. Hər azarkeş istəyər ki, klubun öz stadionu olsun.

– “Neftçi”yə cavabdeh şəxs kimdir?

– Klubun müşahidə şurası.

– “Neftçi”nin yaxşı olması üçün 5-6 tur lazımdır dediniz. Bu müddətdə nə dəyişəcək?

– Bu, baş məşqçinin fikridir. O deyib ki, yeni oyunçuların daha yaxşı olması üçün bu qədər müddət lazımdır.

– Siz klubun daxilindəsiniz. İstənilən “Neftçi”nu görmək üçün nə qədər vaxt lazımdır?

– Gözləntilərim böyükdür, nikbin baxıram. Klubun bütün fəaliyyətini görürəm, hamı öz işini görür. İşlər peşəkarlıqla keçirilir. Qriqorçuku siz də yaxşı tanıyırsınız. Karyerasında çempionluqlar var. Onun nəyə qadir olduğunu bilirik. Onun da vaxta ehtiyacı var ki, sistemini komandaya aşılasın. Mətbuatda yazılır ki, Qriqorçuk narazıdır. Bu xəbərlərin altında mənbə olmadığı üçün bilmirik nədir. Nəticələr heç kimi qane etmir. Düzəlməsi üçün də hər kəs çalışır.

– Avropa standartlarına uyğun sistem formalaşdırıldığını dediz. Amma nə “Qarabağ”, nə “Zirə”də əcnəbi rəhbər, mütəxəssis var. Bəlkə, uğurlu sistemi “Qarabağ”san götürəsiniz?

– Hər klubun öz yolu var. İndidən nəyin necə olacağını heç kim bilmir. İnanırıq ki, bu yol uğurlu olacaq.

– Azarkeşlərin belə fikri var ki, “Neftçi” həmişə hücum futbolu oynayıb. Amma indi Qriqorçuk daha Atletik və müdafiə yönümlü futbol oynadır. Sizcə, mütəxəssis əlində olan oyunçulara uyğun sistem qurur, ya necə?

– Komandanın hansı oyun üslubunda olacağı ilə bağlı sual verəcək şəxs deyiləm. Mən də hər azarkeş kimi hücum futbolu istəyirəm. Bu, bütün klubların fanatlarında belədir. Amma bəzən istəklərlə reallıqlae üst-üstə düşmür. Baş məşqçi də azarkeşlərin tələbini bilir və hücum futbolu üçün can atır. Bilirəm, buna da zaman lazımdır. Qarşıda azı bir hücumçu da transfer ediləcək. İşlər dayanmadan gedir. Transferlər üçün də vaxta ehtiyac olur və bu zamanı onlara tanımalıyıq. Azarkeşləri sakitləşdirmək istəyirəm. Bilsinlər ki, hamı nəticələrdən xəbərdardır və məsuliyyət daşıyır.

– “Neftçi TV”nin böyüməsi, peykə çıxması üçün nə çatışmır?

– Buna can atırıq. Bizdən əvvəlki media komandasında da fikirlər var idi. Bilirik ki, televiziya quruculuğu böyük iş tələb edir. “CBC Sport”un yayıma çıxdığı var orda olanlardan idim. 2-3 ay hələ sınaq müddəti olmuşdu. Bizim də son məqsədimiz budur. Bununçün də yaxşı kadrlar, maliyyə lazımdır. “Neftçi TV”də yeni layihələr olacaq.

-Klubdan gedənlər olacaq?

– Brayan Moreno zədəlidir. Dizindəki problem araşdırılır. Buna görə onu Premyer Liqa üçün sifariş etməmişik. Lukas Melanonun da durumu Qarayev kimi klubdaxilidir.

– 20 gündür, zədəsinin mahiyyəti bilinmir?

– Xeyr.

Şahin Cəfərov