AFFA prezidenti Rövşən Nəcəf təxminən, üç həftə əvvəl Parisdə FIFA prezidenti Canni İnfantino ilə görüşmüşdü. Fotolara diqqət etsəniz, FIFA-nın Avropa üzrə regional direktoru vəzifəsində çalışan AFFA-nın keçmiş, qalmaqallı baş katibi Elxan Məmmədov da var. Həmçinin, qurumun baş katibi Mattias Qrafström…
Bunu indi niyə qeyd edirik?
Rövşən bəy Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili ilə görüşüb. Amma bu dəfə onun yanında AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev də var.
Normalda olmalı olan budur. Şablon protokol qayda. Ancaq bir məqam var ki, məhz o, qeyd olunan sıravi məqamları sıravilikdən çıxarır.
Kuluarlarda dolaşan söhbətlərə görə Rövşən Nəcəf AFFA prezidenti seçiləndən sonra, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipinə uyğun davranışlar edir. İstəyərək-istəməyərək…
O, Sərxan bəy olmaqla, nə İcraiyyə Komitəsini sayır, nə qurumun digər vacib postlarındakı şəxsləri. Mühüm qərarları özü vermək istəyir və s. Artıq bu duruma görə İcraiyyə Komitəsində narazılıq yelləri əsməyə başlayıb…
Bu vəziyyətin yaranmasına səbəb isə onun keçmiş və qalmaqallı baş katib Elxan Məmmədovun da daxil olduğu Elşad Nəsirov “xəttinin” təsirinə düşməsi göstərilir.
***
AFFA-nın baş sponsoru SOCAR-ın vitse-prezidenti, AFFA-nın vitse-prezidenti, hər iki qurumda ən qədim vəzifə sahibi Nəsirovun bunları etməkdə əsas məqsədi qurumu “nəzarətində saxlamaq”, itirməməkdir. SOCAR-ın hazırkı prezidenti Rövşən bəy olsa da, onun staj və təcrübə, hətta nüfuz baxımından Nəsirovun təsirinə düşmək ehtimalı yüksəkdir. Nəsirov və klanının hikkəsi, ölkə futbolu industriyasındakı dominantlığı əldən buraxmamaq kimi israrı barədə çox yazılıb…
Parisdəki görüşün fotosu və “fotoarxası” düşünməyə vadar etmişdi.
Yenə kuluarlardan gələn sədalar AFFA-da gedən gizli “savaşın” motivlərindən bəhs edir. Deyilənə görə, Rövşən bəyin yanlış yola düçar olduğu ona xatırladılıb, yaxud özü hansısa detalların fərqinə varmağa başlayıb. Məhz GFF-dən gələn qonaqlar qəbul olunarkən Hacıyevin də görüşdə təmsil olunması bəhs edilən qəbildən olan məqamlardandır.
Bəli, bir daha xatırladaq, yeni AFFA isteblişmentində haçalanmalar var və bu, bəzən aşkar görünür. Bəhz edilən məqamlar absurd görünə bilər, lakin qeyd olunan səbəbə bağlıdır.
Nəcəf getdikcə qərarvericilikdə dominantlıq hirsinin AFFA-nı doğru yerə aparmadığını dərk etməkdədir. Nəsirovun onu yaxşı yollara sürükləməyəcəyi də ona aydın olsa…
Bunu “buzların” əriməsi kimi də ifadələndirə bilərik. AFFA-nın digər vitse-prezidenti, yeni idarəçi komandada ideoloji fiqur kimi qəbul edilən Balakişi Qasımovun radarlarda görünməməsi, ümumiyyətlə, proseslərin ləng və dağınıq gedişatı daxildə auranın yaxşı olmadığını iddia etməyə əsas verən detallardandır.
Bu mövzular yüksək həssaslıq və infodəqiqlik tələb edir. Zamanla proseslərin hansı istiqamətə cərəyan etdiyini daha səhih qeyd etmək mümkün olar.
Elçin Cəlilov
P.S. Xəfif yanlışlardan biri də Rövşən Nəcəfin Futbol yönlü qonaqları AFFA-da deyil, SOCAR-da qəbul etməsidir. Sələfi Rövnəq Abdullayev də SOCAR prezidenti idi, ancaq o, qonaqları AFFA-da qəbul etməyə vaxt tapırdı. Rövşən bəydə bu cür çoxsaylı xırda, lakin absurd yanlışlıqlar var. Hələ “Neftçi”yə rəhbərlik edəndən görünən yanlışlar… Hiss olunur ki, onun yanında sırf futbolyönlü imicini formalaşdıracaq strateq, kreativ direktor olmalıdır.