Birmənalı hamı razıdır ki, “Qarabağ” oynadı, “Dinamo” vurdu. Oyunun məzmununa uyğun hesab olmadı – 0:3 uduzmaq nədir?!
İlk amil psixoloji meyardadır. Qurban Qurbanovun yetirmələri Avropa qarşılaşmalarında özünü fiziki hazırlıq cəhətdən rahat hiss etdiyi üçün, bunadək ən ciddi rəqib olan ” Ludoqorets “ə 7 qol vura bildi. Gözlənilməz dəyişikliklər rəqibin baş məşqçisinə qısa vədəli addımlar atmaqda mane oldu. Hazır deyildi.
Ekstrataymlarda isə qeyd etdiyimiz fiziki formanın yüksək səviyyədə olması işi həll etdi…
Zaqreb təmsilçisi də bunun fərqində idi. Fikir verdinizsə, hesabı açdıqdan sonra tempi saldılar. Onlar ilk hissəni bir qol üstünlüyü ilə bitirməyi böyük avantaj sayırdılar. “Atlılar” ikinci hissədə tempi qaldıracaqdı və bununçün güc balansı doğru istifadə edilməliydi. Rəqib baş məşqçinin yanaşmasında əsas bu detal sezilirdi.
İlk hissənin son on dəqiqəsi məhz buna görə “Qarabağ”ın ərazi üstünlüyü ilə keçdi. Çoxsaylı qol şanslarının boşa çıxması isə…
İkinci hissədə gözlənilən oldu – ardıcıl “atlı” yürüşləri gördük. Lakin Xorvatiyanın ən təcrübəli klubu həyətdə itkilərə rəğmən, bu təzyiqlərə tab gətirməyi şansıyla birgə bacardı. Amma hesabı 3:0-a çatdırmaq da izah olunmalıdır.
Burada biz bir və ən vacib məqama toxunmalıyıq. Çeviklik. Bu, böyük komandaya xas əlamətdir. Oyun sistemindəki əzbər çeviklik sayəsində üstünlük yaradır. Buraxılan qollara təkrar baxaq. Görürsünüzmü, necə çeviklik və gözlənilməzlik var?
Təmsilçimizdə məhz bu çatmırdı. Çatmayacaq da. Niyə?
Psixoloji baryer.
Ümumilli futbol xəstəliyimiz…
Elçin Cəlilov
P.S.
“Qarabağ” üstün oynamasaydı, bu detalı qabartmaq mənasız olardı. Məhz dominant oynayıb, böyük hesabla uduzmağın adı budur.