Yurçeviç: “Qarabağ” Azərbaycan futbolunun simvoludur”

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç bu gün Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Dinamo” (Zaqreb) – “Qarabağ” oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşdən gözləntilərini bölüşüb:

“Dinamo”ya üstünlük verirəm, amma “Qarabağ” da çox yaxşı komandadır. Hər iki kollektiv öz ölkələrinin dominantıdır. “Qarabağ” Azərbaycan futbolunun simvoludur və Avropada yaxşı nəticələri var. “Bayer”lə oyunlarda necə güclü olduqlarını göstərdilər.

Yaxşı skautları var və elə səviyyəli legionerlər götürürlər ki, özlərini sübut edirlər. “Riyeka” ilə çempion olan Marko Veşoviç hələ komandadadır. Onlar Qurban Qurbanovun böyük sərvətidir. Qurbanov Xosep Qvardiolanın tiki-takasının pərəstişkarıdır. Bacardıqları qədər buna üstünlük verirlər. “Qarabağ” texniki cəhətdən əla futbol oynayır”.

Yurçeviç komandaların şansları haqda danışıb:

“Kiminsə daha yaxşı olduğunu deyə bilmərəm. “Dinamo” fərdi və təcrübə baxımından üstündür. Amma rəqib də təsadüfi deyil və “Ludoqorets”i məğlub etməklə bunu göstəriblər. “Qarabağ” avrokuboklarda ev oyunlarına böyük azarkeş marağı olur. Onların “Sevilya” ilə matçlarını xatırlayıram, əla atmosfer var idi”.

Oyun saat 23:00-da start götürəcək.