“Neftçi” Azərbaycan Premyer Liqasına uğursuz start verib. “Ağ-qaralar” 3 turdan sonra 2 xalla 7-ci sırada qərarlaşıb.
Komandanın keçmiş qapıçısı Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında “Neftçi”nin çıxışını dəyərləndirdi:
“Nəticələr “Neftçi” üçün siqnaldır. Fikrimcə, bu gün çempionluğa oynayan bir komanda bu üç oyundan aşağısı ikisində qələbə qazanmalı idi. Amma indiki vəziyyət başqadır. Demək olar, çempionluğu əldə etmək çətin olacaq. Liderliyə oynamaq istəyən komanda belə futbol oynaya bilməz. İstər-istəməz görünən odur ki, gələn legionerlər də fayda verə bilmir. Nəticə yoxdur, komanda rəhbərliyi lazımi şəraiti yaratsa da, ortada heç nə görünmür. Hər kəs, əsas da baş məşqçi nəticələrə cavabdeh olmalıdır. “Neftçi” rəhbərliyi çempionluq üçün maddi, mənəvi dəstək göstərir, amma nəticə yoxdur. Komandanın oyunu qane etmir. Ciddi hazırlaşmalıdırlar və növbəti görüşlərdə qələbə üçün can atmalıdırlar. Üç oyunda “Neftçi”də qaneedici nəsə yoxdur”.
Mütəxəssis “ağ-qaralar”ın probleminin nədə olduğunu bilmədiyini əlavə etdi:
“Adam problemin nədə olduğunu tapa bilmir. “Neftçi” Azərbaycanda ən yaxşı şəraiti olan komandalardan biridir. Rəhbərlik tərəfindən hər şərait yaradılıb, amma nəticə yoxdur. Transferlər də edirlər, lakin dəyişən nəsə yoxdur. Hardasa nəsə axtarıb tapmaq istəyirəm, alınmır. “Neftçi”nin tarixində yer alanlar, bu kluba ürəkdən bağlılığı olan insanlar olsaydı, bəlkə, onlar nəsə edə bilərdi. Amma vallah, düşünürəm, tapa bilmirəm ki, problem nədir. Şərait var, imkan var, amma nəticə yoxdur…”
Şahin Cəfərov