Azərbaycan Premyer Liqasında III tur başa çatıb.
“Qarabağ” və “Zirə”nin oyununun təxirə salındığı turda “Turan Tovuz” “Kəpəz”i məğlub etməklə liderliyə yüksəlib. Aktivində 7 xal olan tovuzlular buna qədər çempionatın ən yaxşı oyun nümayiş etdirən komandalarındandır.
Kurban Berdıyevin rəhbərlik etdiyi tovuzlular həm də Premyer Liqada 3 turdan sonra qol buraxmayan yeganə kollektivdir. Tovuz təmsilçisi 3 görüşdə 4 qol vurmağı bacarıb. Berdıyevin komandası müdafiə planında etibarlıdır və sürətli əks-hücumlara yaxşı çıxmağı bacarır. Görünür, türkmən mütəxəssis oyun üslubunu komandasına aşılaya bilib. Bu templə davam etmək mümkün olacaqsa, “Turan Tovuz” avrokuboklar üçün əsas iddiaçılardan olacaq.
Qərbin digər təmsilçisi “Kəpəz” isə “Turan Tovuz”a əksdir. Belə ki, tovuzlular qol buraxmayandırsa, gəncəlilər qol vura bilməyəndir. “Kəpəz”in neqativ məqamlarından biri isə xalının olmamasıdır. “Sarı-göylər” buna qədər çempionatda qələbəsi olmayan yeganə komandadır.
Kamil Əhməd