“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın xorvatiyalı məşqçisi Krunoslav Renduliç “atlılar” haqda açıqlama verib. Mütəxəssis Xorvatiya mətbuatına açıqlamasında “Qarabağ”la bağlı bunları deyib:
“Qarabağ”la oyunlardan öncə onları daha intensiv təhlil etməyə başlayıram. Ən böyük keyfiyyətləri zəngin təcrübəyə malik olmalarıdır. Eyni zamanda heyətlərini demək olar, dəyişmirlər. Bu yay Andrey Lunyov komandanı tərk etdi, amma onun əvəzinə də iki qapıçı gətiriblər.
“Qarabağ” ölkə çempionatında dominant komandadır. Ötən il avrokuboklarda “Bayer”lə son dəqiqəyə kimi mübarizə aparmaqla güclərini göstərdilər. Heyətdə yaxşı yerli və əcnəbi oyunçular var. Avropa arenasında daha çox legionerlərə üstünlük verirlər. Hücum xəttində braziliyalı Juninyo var, hansı ki, çox yaxşı hücumçudur və istənilən komandaya qol vura bilər”.
Renduliç “Qarabağ”ın “Dinamo” üçün çətin rəqib olacağını deyib:
“Qarabağ” topa sahib olmaq baxımından da yaxşıdır. Cinahlarda Yassin Benzia və fransalı Abdullah Zubir cəhənnəm oyunçularıdır. Topla çox yaxşı davranırlar. “Qarabağ” ciddi və hörmətə layiqdir. “Dinamo” üçün çətin oyunlar olacaq. Düzdür, fərdi keyfiyyətlər baxımından “Dinamo” daha yaxşıdır, amma bərabər oyun gözləyirəm.
“Zirə” Konfrans Liqasında “Osiyek”i sıradan çıxardı. Xorvatlara demişdim ki, “Zirə” ciddi komandadır, onlarla zarafat etməyin. Azərbaycan çempionatı gərgin və dinamikdir. Daxili yarışda az azarkeş olsa da, “Qarabağ”ın Avropa oyunlarında tribunalar dolu olur.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bütün səlahiyyətləri var və istədiyi oyunçunu seçə bilir, heç kim onun işinə qarışmır”.
Renduliç duellərdə “Qarabağ”ın daha rahat olacağını əlavə edib:
“Qarabağ”ın pley-off mərhələsində itirəcəyi heç nə yoxdur. Onsuz da Avropa Liqasını təmin ediblər. Buna baxmayaraq, “Dinamo”da da vəziyyət eynidir, amma xorvatlar Çempionlar Liqasının əsas mərhələsinə getmək istəyir və təzyiq altındadır”.