5 dəqiqə, 3 qol və dramatik qələbə

“Sumqayıt” Premyer Liqada növbəti qələbəsini qazanıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Səbail”in müqavimətini qırıb – 2:1.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün ilk hissəsi demək olar, bərabər oyunla başa çatdı. Ara-sıra “Sumqayıt”, bəzən də “Səbail” qol axtarışlarına çıxırdı. Əsas mübarizə meydanın mərkəzində gedirdi və ev sahibləri daa çox top itkiləri ilə rəqibin hücuma çıxmasına səbəb olurdu. Buna baxmayaraq, “Səbail”in hücumçu problemi bu oyunda yenidən ön plana çıxdı. Şahin Diniyevin kollektivi cinahlardan müəyyən təhlükə qurmağa çalışsa da, mərkəzin boşluğu epizodların boşuna xərclənməsinə səbəb oldu.

Fasilədən sonra isə “Sumqayıt” təzyiqini artırmağa başladı. Rövlan Muradovun oyuna qoşulub, cinahdakı aktivliyi artırması komanda üçün faydalı oldu. 85 dəqiqəsi sakit keçən oyun isə bir anda qızışdı. Əvvəlcə ara ötürməsindən sonra qapıçını keçərək, fərqlənən Kamran Quliyev “Sumqayıt”ı önə keçirdi. “Kimyaçılar”ın sevinci çox çəkməmiş isə “dənizçilər”dən Süleyman Alluş hesaba tarazlıq gətirdi. Bu anda tribunalar sükuta qərq oldu və artıq qələbənin əldən getdiyi düşünülürdü. Eyni qaydada “Səbail” tərəfi bir xalın sevincini yaşamaqda idi. Lakin oyunun son dəqiqəsində standart vəziyyətdən fərqlənən Roy Kehat “Sumqayıt” üçün hava-su kimi lazım olan qələbəni qazandıran qolu vurdu.

“Sumqayıt” mövsümdə ikinci qələbəsini qazandı. Xaldan əlavə, bu qələbə komandadakı atmosferi daha yaxşılaşdıracaq. Demək olar, hər matça eyni oyunçularla çıxmaq məcburiyyətində olan “kimyaçılar”ın rotasiya imkanı yox vəziyyətdədir. Problemlər fonunda bu dönəmlərdə qazanılan xallar qarşıdakı müddətdə “Sumqayıt” üçün xüsusi önəm daşıyacaq.

“Səbail” isə növbəti xal itkisi ilə üzləşdi. Oyun baxımından pis təsir bağışlamayan “dənizçilər”də əsas problem hücumun mərkəzindədir. Bitirici forvardın yoxluğu qol yollarında əsas çatışmazlıqdır. “Səbail” növbəti turda “Kəpəz”lə üz-üzə gələcək. “Sumqayıt” isə “Sabah” səfərinə yollanacaq.