“Zirə” bu mövsüm özünü “refresh” etmiş maşın kimidir. Yeni üslub, təfəkkür bu komandanı müsbət mənada xeyli dəyişib.
Avropa Liqasında “Şerif”lə start pis alınmamışdı, lakin cavab matçında özgüvən çatışmazlığı penaltilər seriyasında özünü büruzə verdi.
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 2-ci sırada bitirməyin verdiyi avantaj – “qartallar” AL-də ələnsə də, Konfrans Liqasının II mərhələsindən davam edəcəkdi.
Slovakiyanın “DAC 1904” komandası ilə xüsusən, səfərdəki əzici üstünlüyü bizə oyun dəsti-xəttinə ciddi reform etmiş “Zirə”nin ilk əlamətlərini göstərdi.
Rəşad Sadıqovun komandası avrokubok mövsümünə fərqli çıxışla damğasını vurduqca özünə olan inamı da artırdı. KL-in III təsnifat mərhələsində özündən xeyli təcrübəli sayılan “Osiyek”lə qarşılaşacağı məlum olanda ” qartallar”ın mərhələ adlayacağına inananların sayı birəbeş artdı.
Sadıqovun “drujinası” həm səfərdə, həm doğma meydanda Xorvatiya təmsilçisinə qarşı ağıllı oyun qurdu. Hər ikisində hesabda geri düşüb, status-kvo bərpası ilə diqqət çəkən təmsilçimiz penaltilər seriyasında da qalib gəlməklə (2:1) sindrom qırdı. Seriyanın şəksiz qəhrəmanı Tiaqo Silva 5 penaltidən 4-nü dəf etməklə “Zirə” üçün tarixi nəticəyə son imzanı qoydu…
Silva oyundan sonra açıqlamasında maraqlı fikir səsləndirib: “Penaltilər seriyasından əvvəl məşqçilərimin təlimatları mənə çox kömək oldu” – “Məşqçi komandası” ifadəsinə uyğun gələn situasiyalardan biri…
“Zirə”ni Konfrans Liqasının pley-off mərhələsində “Omoniya” gözləyir. Kipr klubunun zəngin avrokubok təcrübəsi onu afişanın favoriti edir. Lakin bu mövsüm “qartallar” Rəşad Sadıqovun təlimatları ilə xeyli yüksəkdən və əzmlə uçmaqda davam edir…
Kamil Əhməd