Azərbaycan klubları – “Sabah” və “Zirə” bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar.
Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında “Sabah”ın mərhələ adlamaq şanslarının yüksək olduğunu bildirdi:
“Hesab edirəm ki, maraqlı oyunlar bizi gözləyir. Həm “Zirə”, həm “Sabah” üçün belə demək mümkünsə, hələ heç nə həll olunmayıb. Şansları eyni dəyərləndirirəm. Ancaq kiçik nüanslar var. Belə ki, “Sabah” məğlub olmasına baxmayaraq, şansı daha çoxdur. “Sent Patriks” keçiləsi rəqibdir, məğlubiyyətə baxmayaraq, bu komandanı geridə qoymaq mümkündür. Hava şəraiti axşama doğru bürkü olacaq və bu, “Sabah”a üstünlük yarada bilər. Eyni zamanda, İrlandiyadakı səhvlərə yol verməyəcəklərini düşünürəm”.
Mütəxəssis “Zirə”nin rəqibinin “Sabah”ın rəqibinə nisbətdə daha keyfiyyətli olduğunu və bu səbəbdən şansların bərabər olduğunu qeyd etdi:
“Zirə” üçün şanslar bərabərdir. “Sabah”ın şansı daha yüksəkdir, amma “Zirə” üçün bunu deyə bilmirəm. “Osiyek” xorvat futbolçulardan qurulan kompakt komandadır. Yaxşı oyunçuları var və fərdi bacarıqları yüksəkdir. Amma “Zirə” birinci oyunda göstərdi ki, bu rəqibi məlum etmək olar. İlk oyunda kobud fərdi səhvlər var idi, bunları aradan qaldırmaq lazımdır. Bu cür şeylər “Zirə”ni çətinliyə sala bilər. Məsələn, “Şerif”lə oyundakı qırmızı vərəqə olmasaydı, indi başqa vəziyyət olardı. Həm də demək olmur ki, bu gün “Zirə”nin futbolçuları fərdi səhvlər etməyəcək. Çünki təcrübə məsələsi var. “Osiyek” isə belə şeyləri qaçırmayan komandadır. Ümid edirəm ki, bu gün fərdi səhvlərə yol verməzlər. Ehtiyatlı danışmaq lazımdır. Ona görə “Sabah”ın şansı daha yüksəkdirsə, “Zirə”də bu bərabərdir”.
“Sabah”ın oyunu saat 20:00-da, “Zirə”ninki isə 20:30-da olacaq.
Şahin Cəfərov